Kanada Aİ ilə “unikal ittifaq” yaratmaq üçün danışıqlara başlayacaq
Kanada Avropa İttifaqı ilə yeni və daha dərin tərəfdaşlıq formatının yaradılması üçün danışıqlara başlamağı planlaşdırır.
AFN.az CBC telekanalına istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni deyib. Karni bildirib ki, Ottava Aİ-yə üzvlük məsələsini nəzərdən keçirmir. Onun sözlərinə görə, söhbət Kanada ilə Avropa İttifaqı arasında “unikal ittifaq” yaradılmasından gedir. “Biz Avropa İttifaqına üzv olmağa çalışmırıq. Axtardığımız və bununla bağlı danışıqlara başlayacağımız məsələ Avropa İttifaqı ilə unikal ittifaqdır”, - deyə Karni bildirib.
Baş nazir qeyd edib ki, Kanada ilə Aİ eyni dəyərləri və prioritetləri bölüşür, tərəflərin iqtisadi imkanları isə bir-birini tamamlayır. Karni bununla bağlı açıqlamasını Aİ-nin “assosiativ üzvü” statusunun mümkünlüyü barədə “The Wall Street Journal”da yayılan məlumatdan sonra verib. O, Kanadanın məqsədinin Aİ-yə qoşulmaq deyil, Avropa ilə iqtisadi, siyasi və strateji əlaqələri daha da gücləndirmək olduğunu vurğulayıb.
Kanada hökumətinin Aİ ilə münasibətləri dərinləşdirmək üçün müxtəlif variantları nəzərdən keçirdiyi bildirilir. Bu təşəbbüs Ottavanın Şimali Amerikadan kənarda yeni tərəfdaşlar axtardığı bir vaxtda irəli sürülüb. Kanada ilə ABŞ arasında ticarət müharibəsinin yaratdığı gərginlik fonunda Ottava Avropa ölkələri ilə iqtisadi və strateji əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir.
