Netanyahu sentyabrın 23-25-də Nyu-Yorka səfər edəcək
İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-dən 25-dək Nyu-Yorkda səfərdə olacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisindən bildirilib. Netanyahu səfər çərçivəsində BMT Baş Assambleyasının növbəti sessiyasının tədbirlərində iştirak edəcək.
Səfəröncəsi Nyu-Yorkun meri Zöhran Mamdani şəhərin hüquq departamentinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında İsrail Baş nazirinin həbs imkanlarını araşdırdığını bildirmişdi.
ABŞ Prezidenti Donald Tramp isə Netanyahu ABŞ-a səfər etdiyi zaman heç kimin onu heç bir formada həbs edə bilməyəcəyini bəyan etmişdi. Daha sonra Mamdani şəhərin belə bir orderi icra etmək üçün özünün hüquqi səlahiyyətlərinin olmadığını etiraf edib.
Qeyd edək ki, BCM 2024-cü ilin noyabrında Qəzza zolağındakı münaqişə ilə əlaqədar hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərdə ittiham olunaraq Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs qərarı çıxarıb.
İsrail və ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır.
