Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların müddətini 7 gün artırıb
Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı sanksiyaların cəmi bir həftə müddətinə uzadılması barədə razılığa gəlib.
AFN.az "EUobserver"ə istinadən xəbər verir ki, bu qərarın məqsədi məhdudiyyətlərlə bağlı mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün əlavə vaxt qazanmaqdır.
Müzakirələrdə əsas məsələlərdən biri rusiyalı iş adamı Alisher Usmanovun Aİ-nin sanksiya siyahısından çıxarılması ilə bağlı təklifdir. Əvvəlcə Slovakiya, daha sonra isə Fransa Usmanovun siyahıdan çıxarılmasını təklif edib. Digər üzv ölkələr isə bu təşəbbüsü dəstəkləməyib.
“Bu, razılaşmamaqda razılaşdığımız anlamına gəlir - bir həftəlik”, - deyə "EUobserver" diplomatlardan birinin sözlərini sitat gətirib.
Sanksiyaların uzadılması üçün Aİ-yə üzv bütün ölkələrin yekdil qərarı tələb olunur. Müzakirələrdə məhdudiyyətlərin 2014-cü ildən olduğu kimi altı ay, yoxsa 12 ay müddətinə uzadılması məsələsi də gündəmdədir.
Slovakiya sanksiyaların daha uzun müddətə uzadılmasını dəstəkləməyə hazır deyil. Fransanın da Usmanovun sanksiya siyahısından çıxarılmasını tələb etməsi yekun razılaşmanın əldə olunmasını çətinləşdirə bilər.
