Təmir olunan binanın divarında 9 milyon avro dəyərində qızıl tapılıb
Belçikanın Dendermonde şəhərində təmir işləri zamanı bir binanın divarında gizlədilmiş təxminən 9 milyon avro dəyərində qızıl tapılıb.
AFN.az xəbər verir ki, Flandriya bölgəsində yerləşən Dendermonde şəhərində sosial yardım təşkilatı CAW-a məxsus köhnə binada təmir işləri aparan fəhlələr zirzəmi mərtəbəsindəki divarı sökərkən onun içində gizlədilmiş sandıq aşkar ediblər.
İnşaat şirkəti De Brand əməkdaşlarının açdığı sandıqda çox sayda qızıl külçə və sikkə tapılıb. Daha sonra binanın sahibi CAW və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hadisənin polisə bildirilməsindən sonra müsadirə edilən qızıllar təhlükəsiz yerə aparılıb.
Şərqi Flandriya Prokurorluğu da qızılların kimə məxsus olduğunu, binada nə vaxt və kim tərəfindən gizlədildiyini və qanuni yollarla əldə edilib-edilmədiyini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.
Təxminən 9 milyon avro dəyərində olan xəzinənin son sahibinin kim olacağı hələ müəyyən edilməyib.
Hadisənin yayılmasından sonra əraziyə qızıl axtarmaq istəyən çoxsaylı şəxslər gəlib.
