Ceyhun Aşurov: Ölkəyə turist axınının 5-6 milyon nəfərə çatdırılması planlanır
Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı hazırlanır.
Bunu AFN.az-a açıqlamasında "Skal Baku" turizm peşəkarları təşkilatının rəhbəri Ceyhun Aşurov bildirib. Onun sözlərinə görə, yeni sənəd əvvəlki strateji yol xəritələrini əvəz edəcək və ölkəyə turist axınının 5-6 milyon nəfərə çatdırılmasını hədəfləyir: "Dövlət proqramında turizmin dayanıqlı inkişafı, nəqliyyat əlçatanlığının artırılması, Azərbaycanın qastronomik, sağlamlıq, qış və ekoturizm istiqaməti kimi aktiv təşviqi əsas prioritet hədəf kimi götürülüb. Həmçinin sənəddə hava məkanının liberallaşdırılması və yeni aviareyslərin açılması, turizm-rekreasiya zonalarına investisiyalar, kiçik biznesə dəstək, xidmət standartlarının təkmilləşdirilməsi və beynəlxalq bazarlarda təşviq, təhsil və elmi proqramlar, vahid turizm informasiya sisteminin formalaşdırılması kimi vacib amillər də öz əksini tapacaq".
Ceyhun Aşurov onu da qeyd edib ki, Azərbaycan hazırda uzunmüddətli iqtisadi artım və xarici turistlərin cəlbi üçün infrastruktur formalaşdırır.
