EK Latviyada Rusiyadan gətirilən konfet və oyuncaqlara qadağanı dəstəkləyib
Avropa Komissiyası Riqa şəhərinin qərarını mənəvi əsaslar və təhlükəsizlik məsələləri ilə izah edərək, Latviyanın Rusiya və Belarusdan qənnadı məmulatları və oyuncaqların idxalını qadağan etmək planlarını dəstəkləyib.
AFN.az xəbər verir ki, bu barədə Brüsselin "Euractiv" portalı məlumat yayıb.
Avropa Komissiyasından portala bildirilib ki, qurum Latviya hakimiyyətinin tədbirləri barədə məlumatlandırılıb və bu qadağalar Aİ-nin mövcud anti-Rusiya sanksiyalarından daha irəli getsə də, onlara etiraz etmir.
EK nümayəndəsi qeyd edib ki, ticarət siyasəti Aİ-nin müstəsna səlahiyyətinə daxil olsa da, istisnalar mümkündür. Məsələn, "Euractiv"in məlumatına görə, Aİ ölkələri cəmiyyətin mənəviyyatı, dövlət zərurəti və ya təhlükəsizlik ehtiyacları ilə əsaslandırılmış tədbirləri müstəqil şəkildə qəbul edə bilərlər.
Latviya parlamenti iyulun 23-də Rusiya və Belarusdan kitab, qəzet, videooyun, oyuncaq və bəzi digər malların idxalını qadağan edib. Ölkədə qənnadı məhsullarına da analoji qadağanın tətbiq edilməsi imkanları müzakirə olunur.
Latviya ərazisindən Aİ-nin digər üzv dövlətlərinə tranzit isə məhdudlaşdırılmayacaq.
