Latviya parlamenti ruslara və belaruslara daşınmaz əmlak almağı qadağan edə bilər
Latviyanın hakim sağ mərkəzçi Yeni Birlik partiyası Seymə (parlament) Rusiya və Belarus vətəndaşlarına Baltikyanı respublikada daşınmaz əmlak almağı qadağan edən qanun layihəsi təqdim edib.
AFN.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Bildirilir ki, qanun layihəsinin məqsədi dövlət maraqlarına zidd olan zərərli və təhlükəli fəaliyyətin və sanksiyalardan yayınmanın qarşısını almaqdır. Qadağa Rusiya və Belarusda qeydiyyatdan keçmiş və ya təsisçiləri bu ölkələrin vətəndaşları olan hüquqi şəxslərə də şamil edilir. Qeyd olunur ki, məhdudiyyətlər Aİ-nin daimi sakini statusu və ya Latviyada daimi yaşamaq üçün icazə almış şəxslərə təsir etməyəcək. Portal qeyd edir ki, qanun layihəsi ölkənin Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birgə hazırlanıb.