Tiktoker "Arzum" ev dustaqlığına buraxıldı - YENİLƏNİB
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyevanın apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb.
İlduzə Hacıyeva konvoyun müşayiəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Arzum məhkəmə zalından azad olunub.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.
***
20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə başlayır.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Arzum indilərdə konvoyun müşayiəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib.
Tiktokerin yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiya Məhkəməsinin qarşısına toplanıblar.
Arzumun hökmü iyulun 2-də Xəzər Rayon Məhkəməsi tərəfindən çıxarılmışdı. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib. Lakin müttəhim qəzanın baş verməsinə görə özünü qətiyyən təqsirli saymır, günahsız olduğunu bildirir.
Onun vəkilləri də bu əsasla apellyasiya şikayəti veriblər. Şikayətdə Arzumun bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən qəzaya səbəbkar olmadığı, buna baxmayaraq birinci instansiya məhkəməsinin ittihamedici hökm çıxardığı qeyd olunub.
Müdafiə tərəfinin hansı əlavə dəlil və sübutlarla çıxış edəcəyi hələlik bilinməsə də, tələbləri bəraət qərarı verilməsidir.
Əldə etdiyimiz məlumata görə, zərərçəkmiş tərəf də son gündə hökmdən apellyasiya şikayəti verib. Amalın həyat yoldaşı Sənubər Muradova Arzumun cəzasının ağırlaşdırılmasını tələb edir.
Arzumun şikayətinə hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacak. Birinci iclas saat 10:45-də başlamalıdır.
Qeyd edək ki, Arzumun təqsirli bilindiyi yol qəzası ötən ilin iyununda baş verib. Qəza nəticəsində 29 yaşlı Amal Məlikov ölüb, onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Amalın hüquqi varisi və həyat yoldaşı Arzumla barışmayıb, onun qanunauyğun cəzalandırılmasını tələb ediblər. Arzumun məhkəmə zalında həbs edilməsi cəmiyyətdə geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan qəza görüntüləri ətrafında hüquqşünaslar, nəqliyyat üzrə ekspertlər və müxtəlif sahələrin nümayəndələri arasında müzakirələr aparılıb. Bir çoxları qəza anının görüntülərini analiz edərək Arzumun hadisədə təqsirli olub-olmaması ilə bağlı fərqli mövqelərdən çıxış ediblər.

