İran: ABŞ ilə mesaj mübadiləsi və vasitəçilik cəhdləri davam edir
İran Daxili İşlər Nazirliyinin sözçüsü Əli Zeynivənd ABŞ ilə İran arasındakı dolayısı ilə danışıqlara toxunaraq, "Mesaj mübadiləsi və vasitəçilik cəhdləri davam edir. Diplomatiya dayanmaz" deyib.
AFN.az xəbər verir ki, İranın rəsmi İRNA xəbər agentliyinə əsasən, Zeynivənd paytaxt Tehranda keçirdiyi mətbuat konfransında gündəmdəki məsələləri dəyərləndirib.
Ölkəsinin danışıqlar heyətinə arxayınlıqla güvənə biləcəklərini və qarşıdakı dövrdə İran ilə ABŞ arasındakı dolayısı ilə danışıqlara yeni vasitəçilərin qoşula biləcəyini vurğulayan Zeynivənd "Mesaj mübadiləsi və vasitəçilik cəhdləri davam edir. Diplomatiya dayanmaz" ifadələrini işlədib.
Döyüş meydanının diplomatiyanı dəstəklədiyini, diplomatiyanın isə əldə olunan nailiyyətləri möhkəmləndirdiyini bildirən Zeynivənd diplomatiyanın heç bir şəraitdə dayandırıla bilməyəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, İranın daxili işlər naziri İsgəndər Mömini dünən İran ilə ABŞ arasında vasitəçilik edən ölkələrdən biri olan Pakistana səfər edərək Baş nazir Şahbaz Şərif ilə görüşüb.
