Venesuelada zəlzələlərdə ölənlərin sayı 5346-ya yüksəlib



Venesuelada iyunun 24-də baş verən iki böyük zəlzələdə həyatını itirənlərin sayının 5346-ya yüksəldiyi bildirilib. 

AFN.az xəbər verir ki, Venesuela Milli Məclisinin sədri Xorxe Rodriges sosial media hesabından etdiyi açıqlamada təbii fəlakət zamanı həyatını itirənlərin sayının 68 nəfər artaraq 5346-ya, yaralıların sayının isə 16740-a çatdığını bəyan edib.

Milli mətbuatda yer alan xəbərlərə görə, Venesuela hökuməti zəlzələlərdə həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə könüllülərdən DNT nümunəsi vermələrini xahiş edib.

Milli Məhkəmə Tibbi və Elmlər Xidməti ilə Daxili İşlər Nazirliyinin birgə bəyanatında yaxınlarının təbii fəlakətdən ən çox zərər çəkən La Quayra əyalətində və ya paytaxt Karakasdakı "Bello Monte" morqunda ola biləcəyini düşünən ailələrə şəxsiyyəti müəyyən etmə prosesinin aparılması üçün DNT nümunəsi təqdim etmələri barədə çağırış olunub.

Venesuela rəsmiləri itkin düşən şəxslərin sayı ilə bağlı rəsmi məlumat verməsə də, zəlzələlərdən sonra yaxınlarından xəbər ala bilməyənlərin qeydiyyata alındığı "Desaparecidos Terremoto Venezuela" (Venesuela Zəlzələsi İtkinləri) adlı mülki təşəbbüsün internet saytında 29500 nəfər itkin kimi qeydə alınıb.

ABŞ Geoloji Xidməti (USGS) iyunun 24-də Venesuelada 39 saniyə intervalla 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini açıqlamışdı.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) isə iyunun 26-da yaydığı bəyanatda zəlzələlərin birbaşa səbəb olduğu fiziki dağıntıların maliyyə həcmini 6,7 milyard dollar dəyərində qiymətləndirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu