İndoneziya vizaların qiymətini qaldırmağa hazırlaşır


İndoneziya müraciət üsulundan asılı olaraq gəliş zamanı rəsmiləşdirilən vizanın qiymətini iki dəfəyədək artırmağı planlaşdırır.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Asiya respublikasının Baş İmmiqrasiya İdarəsinin rəhbəri Həndarsam Marantoko məlumat verib.

"Hazırda bizim gəliş zamanı rəsmiləşdirilən vizamız cəmi 500 min İndoneziya rupisidir (təxminən 28 dollar). Valyuta məzənnəmizin tərəddüdlərini nəzərə alaraq hesab edirik ki, bu çox azdır və onun dəyərinə düzəliş edilməlidir", – deyə "Jakarta Globe" nəşri onun sözlərindən sitat gətirir.

Məmurun təqdim etdiyi plana əsasən, İndoneziyaya səfərdən əvvəl elektron viza (e-VoA) üçün onlayn müraciət edən əcnəbilər 750 min İndoneziya rupisi (təxminən 42 dollar) ödəyəcəklər. Vizanı ölkəyə çatdıqdan sonra yerindəcə almaq istəyənlər üçün isə bu məbləğ 1 milyon İndoneziya rupisi (təxminən 56 dollar) təşkil edəcək.

İndoneziya İmmiqrasiya və İslah Müəssisələri İşləri Nazirliyinin tərkibinə daxil olan İmmiqrasiya İdarəsinin rəhbəri vurğulayıb ki, qeyd olunan tədbir yalnız dövlət gəlirlərini artırmağa yönəlməyib, həm də xarici qonaqları müvafiq prosedurlardan yola düşməzdən əvvəl keçməyə həvəsləndirmək məqsədi daşıyır. Hakimiyyət orqanları ümid edir ki, onlayn müraciət sisteminin daha geniş tətbiqi hava limanlarında, o cümlədən immiqrasiya nəzarəti məntəqələrində növbələrin azalmasına gətirib çıxaracaq.

"Jakarta Globe" yazır ki, immiqrasiya orqanları yeni tariflərin nə vaxt qüvvəyə minəcəyini hələlik elan etməyiblər. Bundan əvvəl təklif hökumətdə "müvafiq prosedurdan" keçməlidir.

Nəşrin məlumatına görə, İndoneziyanın gəliş zamanı verilən vizası xarici vətəndaşlara ölkədə 30 gün qalmaq imkanı yaradır. Bir qayda olaraq, bu vizanın müddətini daha 30 gün uzatmaq mümkündür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu