ABŞ-da edam cəzalarının sayı artarır - 3 nəfər eyni gün edam ediləcək
ABŞ-da qətldə təqsirli bilinən üç nəfərin müxtəlif ştatlarda eyni gündə edam edilməsi planlaşdırılır. Anthony Darrell Hines, Jeremy Williams və Carlos Cuesta-Rodriguez adlı məhbusların edamlarının həyata keçirilməsi halında, ölkədə 16 ildən sonra ilk dəfə eyni gündə 3 edam cəzası icra edilmiş olacaq.
AFN.az xəbər verir ki, Tennessi, Alabama və Oklahoma ştatlarında həyata keçirilməsi planlaşdırılan edamlar ABŞ üzrə edam cəzalarında yaşanan artımı ortaya qoyur.
Ölkədə 2025-ci ildə həyata keçirilən edamların sayı 2021-ci illə müqayisədə dörd dəfədən çox artıb.
Edamların sayındakı artımın arxasında ABŞ Prezidenti Donald Trampın siyasəti və bəzi ştat rəhbərlərinin atdığı addımlar dayanır.
Tramp 2025-ci ildə vəzifəsinin ilk günündə imzaladığı sərəncamla federal səviyyədə edam cəzasını yenidən tətbiq edib.
Bundan əlavə, Ədliyyə Nazirliyi edam proseslərini sürətləndirmək üçün prosedurları yeniləyib və güllələnmə kimi üsulları protokollara daxil edib.
Ştatlar səviyyəsində isə ən çox edam Floridada həyata keçirilib. 2025-ci ildə ABŞ üzrə həyata keçirilən 47 edamın təxminən 40 faizi Floridada icra olunub.
Florida qubernatoru Ron DeSantis 2023-cü ildə həyata keçirilən qanunvericilik dəyişikliyi ilə edam cəzası üçün münsiflər heyətinin qərarında yekdillik tələbini 12 üzvdən 8 üzvə endirib. Ştatda 12 yaşından kiçik uşaqlara qarşı cinsi istismar cinayətləri də edam cəzasının tətbiq dairəsinə daxil edilib.
ABŞ üzrə 50 ştatın 27-də edam cəzası qanuni olaraq tətbiq edilir. Kaliforniya, Ohayo, Oreqon və Pensilvaniyada isə icra hakimiyyətinin qərarları ilə edamlar dayandırılıb.
Edamların sayının artmasına baxmayaraq, ABŞ ictimaiyyətində edam cəzasına dəstək azalır. Aparılan araşdırmalar edam cəzasını mənəvi baxımdan məqbul hesab edənlərin nisbətinin 52 faizə düşərək 1970-ci illərdən bəri ən aşağı səviyyəyə endiyini göstərir.
1990-cı illərdə məhkəmələr ildə 300-dən çox edam hökmü çıxararkən, bu rəqəm 2025-ci ildə 23-ə qədər azalıb.
