Meta Avstraliyada 756 min sosial media hesabını bağladı
ABŞ mərkəzli texnologiya şirkəti Meta Platforms Inc. Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsinə dair qanun çərçivəsində 756 min Instagram və Facebook hesabına girişi əngəllədiyini açıqlayıb.
AFN.az xəbər verir ki, şirkət Avstraliyada qanunun 2025-ci ilin dekabrında qüvvəyə minməsindən sonra və bundan əvvəl aparılan yoxlamalarla bağlı açıqlama verib.
Açıqlamada yoxlamalar zamanı 16 yaşdan aşağı şəxslərə aid olduğu müəyyən edilən 462 min Instagram və 294 min Facebook hesabının bağlandığı bildirilib.
Yoxlamaların süni intellekt dəstəkli aşkarlama sistemləri vasitəsilə fasiləsiz davam etdirildiyi qeyd olunan açıqlamada hesabların sayının artmaqda davam edəcəyi vurğulanıb.
Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial media platformalarına girişinə dair qanuni tənzimləmə 10 dekabr 2025-ci ildə qüvvəyə minib.
Tənzimləmə çərçivəsində X, Instagram, Facebook, TikTok, YouTube və Snapchat kimi şəbəkələrlə yanaşı, Reddit, Twitch, Threads və Kick də daxil olmaqla 10 platforma yaş məhdudiyyəti tətbiq edir.
Avstraliya hökuməti qanunla alqoritmlərin və zərərli məzmunların uşaqlar və gənclər üzərində yaratdığı mənfi təsiri azaltmağı hədəfləyir.
Şirkətlərin 16 yaşdan aşağı uşaqlara aid hesabların silinməsi üçün ağlabatan addımlar atmaması halında 49,5 milyon Avstraliya dolları məbləğində cərimə ilə üzləşməsi nəzərdə tutulur.
