Çexiyada iki nəfər dağ yürüşündə qızıl xəzinəsi tapdı

Çexiyanın Krkonose dağlarında yürüş edən iki nəfər qayalar arasında sıxılmış gizli bir qutuda qızıl bilərziklər, yüzlərlə köhnə sikkə və digər antik əşyalar aşkar edib.
Çexiyanın şərqində yerləşən Krkonoše dağlarında gəzinti zamanı iki şəxs qayalı yamacda alüminium qutu tapıb. Qutunun içindən çıxanlar isə hər kəsi təəccübləndirib: qızıl bilərziklər, siqaret qutuları, makiyaj güzgüləri və yüzlərlə köhnə sikkə.
Yürüşçülər tapdıqları qutunu Şərqi Bohemiya Muzeyinə təhvil veriblər. Ekspertlər əşyaların tarixini və kim tərəfindən, hansı məqsədlə gizlədildiyini araşdırırlar.
Muzeyin Arxeologiya Bölməsinin rəhbəri Miroslav Novak bildirir ki, qutudan çıxan sikkələrin heç biri Çexiyaya aid deyil. Bu isə xəzinənin yerli deyil, beynəlxalq mənşəli ola biləcəyini göstərir.
Ən son sikkənin 1921-ci ilə aid olması tədqiqatçıları daha da təəccübləndirib. Xəzinə II Dünya Müharibəsi öncəsi bölgədən qaçan yəhudi və ya çex vətəndaşlarına aid ola bilər. Digər ehtimal isə 1945-ci ildə Almanların köçü zamanı gizlədilmiş olmasıdır.
Ekspertlər tapıntının həm tarixi, həm də mədəni əlaqələr baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayırlar.