Usta təmir zamanı boruların arasından 2,3 milyon avro dəyərində qızıl tapdı
Vyanada bir villada aparılan təmir işləri zamanı santexnik təxminən 30 kiloqram ağırlığında qızıl sikkələrlə dolu sandıq tapıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, sandıqdakı qızılın təxmini dəyəri 2,3 milyon avronu keçir.
Kəşf söküntü işləri zamanı santexnika döşəmədən asılmış kəndiri gördükdə başlayıb. Onun sözlərinə görə, kəndiri çəkəndə içərisində xalis qızıl sikkələr olan metal sandıq üzə çıxıb. Qızılın mənşəyi və sikkələrin zərb olunma illəri kimi təfərrüatlar hələ aydın deyil.
Lakin bu nadir xəzinə Avstriya paytaxtında böyük səs-küyə səbəb olub. Avstriyanın “Heute” qəzetinin yazdığına görə, santexnik digər ustalarla birlikdə Vyana ətrafında yerləşən villada işləyirmiş. Həmkarlarından birinin kəndiri əvvəllər də gördüyü, lakin ona toxunmamağa üstünlük verdiyi bildirilib.
Avstriya qanunlarına görə, tapılan xəzinələrin yarısı adətən kəşfi edən şəxsə, digər yarısı isə mülk sahibinə verilir.
Villanın tarixi və gizli xəzinənin hansı şəraitdə gizlədildiyi hələ də araşdırılır.