Tramp Kim Çen Inla dostluq qurmaq istəyir
ABŞ və Cənubi Koreyanın hər il birgə keçirdiyi Ulchi Freedom Shield hərbi təlimi ABŞ Prezidenti Donald Trampın qərarı ilə vaxtından əvvəl başa çatdırılıb.
AFN.az xəbər verir ki, normal şərtlərdə 11 gün davam etməsi planlaşdırılan genişmiqyaslı hərbi təlim beşinci günündə qəfil dayandırılıb.
Tramp təlimin Şimali Koreyaya qarşı uyğunsuz və təxribatçı olduğunu əsas gətirərək Pentaqona fəaliyyətlərin azaldılması barədə göstəriş verib. Qərardan sonra Seul administrasiyası və Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon qərardan əvvəlcədən xəbərdar olmadıqlarını etiraf ediblər.
Cənubi Koreya ABŞ-la keçirilən təlimləri birgə müdafiə öhdəliyinin simvolu kimi qiymətləndirir. Lakin Vaşinqtonun birtərəfli addımı Seuldakı təhlükəsizlik narahatlıqlarını artırıb.
Atlantic Council-in baş eksperti Co Bi-yun təlimin qəfil dayandırılmasının Cənubi Koreyanın ABŞ-a olan etimadını sarsıda biləcəyini bildirib. Cənubi Koreyada Vaşinqtonun ölkədəki 27 min amerikalı hərbçini geri çəkməsindən və ya Şimali Koreyanın nüvə gücü statusunu Seulla məsləhətləşmədən tanımasından narahatlıq ifadə edilir.
Seul administrasiyasına təzyiq yalnız hərbi sahə ilə məhdudlaşmır. Tramp administrasiyası ticarət və təhlükəsizlik məsələlərini birlikdə nəzərdən keçirir. ABŞ Prezidenti Cənubi Koreyanın ABŞ hərbçilərinə ev sahibliyi etmək üçün ödədiyi illik 1 milyard dolları yetərsiz hesab edir və Seulun İrana qarşı hərbi əməliyyatlara qoşulmamasını tənqid edir.
Baş verənlərdən sonra Seulda ABŞ-dan asılılığın azaldılmasının vacibliyi ilə bağlı səslər yüksəlməyə başlayıb. Sejong İnstitutunun sədr müavini Çon Son Çanq Cənubi Koreyanın öz nüvə çəkindirmə imkanlarına sahib olması lazım olduğunu müdafiə edib.
Bununla belə, Cənubi Koreya Prezidenti Li Ce Myonq diplomatik ifadələrdən istifadə edərək Trampın qərarını sülhün təmin olunması istiqamətində cəsarətli addım kimi qiymətləndirib. Li Ce Myonq ölkəsinin müdafiə büdcəsini artıracağını və öz təhlükəsizliyinə görə məsuliyyət daşımalı olduğu fikri ilə razılaşdığını bildirib.
Tramp Şimali Koreya lideri Kim Çen Inla bu il ərzində yenidən görüşməyi gözlədiyini açıqlayıb.
Lakin Kimin bacısı Kim Yo Conq ABŞ prezidentinin təmas iddialarını təkzib edərək, təlimlərin miqyasının azaldılmasının Şimali Koreya baxımından heç bir əhəmiyyət daşımadığını bildirib.
Pxenyan administrasiyası nüvə silahlarından imtina etməyəcəyini və təlimlərin miqyasının azaldılmasının ABŞ-ın düşmən münasibətini dəyişdirmədiyini vurğulayıb.
Ekspertlər Rusiya və Çinlə münasibətlərini gücləndirən Kim Çen Inın ABŞ-la danışıqlar masasına oturmaq üçün nüvə dövləti kimi tanınmaqdan başqa heç bir varianta razı olmayacağını bildirirlər.

