Qandinin əlyazma qeydləri 1,7 milyon dollara satıldı
Hindistanın müstəqillik lideri Mahatma Qandinin həyata dair fikirlərini əks etdirən əlyazma qeydləri hərracda təxminən 1,7 milyon dollara alıcı tapıb.
AFN.az xəbər verir ki, Hindistan mətbuatında yayılan məlumatlara görə, Qandinin əlyazma qeydləri Mumbay şəhərində hərraca çıxarılıb.
Qandinin həqiqət, zorakılıqsızlıq və özünənəzarət haqqında 1944-1946-cı illərdə yazdığı 600-dən çox əlyazma mesajını ehtiva edən qeydlər 1,69 milyon dollara satılıb.
“Saffronart” hərrac evindən verilən açıqlamada bu satışın hərracda Hindistan tarixinə dair sənədə ödənilən ən yüksək qiymət rekordunu qırdığı bildirilib.
Qeydləri alan şəxsin kimliyi açıqlanmayan bəyanatda əsərin Hindistanda qalacağı qeyd olunub.
Zorakılıq tətbiq etmədən sosial ədalət axtarışını ifadə edən Satyagraha hərəkatının öncülü Qandi ölümündən sonra bütün dünyada fərdi azadlıq və vətəndaş hüquqları müdafiəçiləri üçün ilham mənbəyi olub.

