Yaponiyada qovun hərracda təxminən 36 min 500 dollara satılıb
Yaponiyanın şimalındakı Hokkaydo adasında yetişdirilən bir cüt qovun hərracda 5,8 milyon yenə (təxminən 36 min 500 dollar) satılıb.
AFN.az xəbər verir ki, "Kyodo News"un məlumatına görə, Hokkaydo qovununun hərrac satışında yeni bir rekord qeydə alınıb.
Bu ilin ilk hərracında bir cüt qovun 5,8 milyon yenə alıcısını taparaq, 2019-cu ildəki 5 milyon yenlik rekord qiyməti geridə qoyub.
Hokkaydodakı Yubari şəhərinin simvolu olan bahalı qovunların bu ilki hərracını meyvə və tərəvəz topdansatış şirkəti olan "Futami Seika" qazanıb.
Qovunlar daha sonra "Keio Store" şirkətinə satılıb və şirkət bu qovunları bazar gününə qədər Tokiodakı supermarketlərindən birində nümayiş etdirəcək.
Yubari Kənd Təsərrüfatı Kooperativinin məlumatına görə, yerli fermerlər bu il təxminən 2,12 milyard yen dəyərində 3 min 86 ton qovun göndərməyi planlaşdırır.
Qeyd edək ki, Yaponiyadakı ilk hərraclarda birinci dərəcəli meyvələr adətən çox yüksək qiymətlərə satılır və alıcılar əsasən qazandıqları tenderləri tanıtım məqsədilə istifadə edirlər.




