Çinlə ABŞ arasında İrana görə gərginlik
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian ABŞ maliyyə naziri Skott Bessentin İranı dəstəkləyən ölkələrə təzyiqin artırılması barədə açıqlamasını şərh edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, Pekinin beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənməyən birtərəfli sanksiyaların əleyhinə olduğunu bildirib.
Diplomatın sözlərinə görə, Çin bütün tərəfləri məsuliyyətlə hərəkət etməyə və problemləri siyasi-diplomatik yolla həll etməyə çağırır. Onun qeyd etdiyinə görə, sanksiya və hərbi təzyiq problemləri həll etmir, yalnız gərginliyi artırır.
Bessentin sözügedən bəyanatında isə qeyd edilib ki, İranla iqtisadi əlaqələr saxlayan ölkələr ABŞ-ın cavab tədbirləri nəticəsində tənəzzüllə üzləşəcək. Bundan əvvəl Prezident Donald Tramp Tehrana qarşı misli görünməmiş "iqtisadi müharibə və təcrid" elan edərək xəbərdarlıq edib ki, İranı dəstəkləyən dövlətlərin maliyyə qurumları, müəssisələri, aeroportları və dövlət strukturları ciddi fəsadlarla üzləşəcək.
