AZCON-a verilən dövlət şirkətlərinin hesabatları niyə açıqlanmır? - CAVAB


Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsində olan dövlət müəssisələrinin 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatlarının açıqlanması ilə bağlı qeyri-müəyyənlik yaranıb. Holdinqin rəsmi resurslarında ayrı-ayrı müəssisələrin əvvəlki illər üzrə maliyyə hesabatları mövcud olsa da, 2025-ci il üzrə hesabatların bir hissəsi hələ ictimaiyyətə təqdim edilməyib. 

Məsələ xüsusilə ona görə diqqət çəkir ki, AZCON-un öz Nizamnaməsi Holdinqin həm özünün, həm də idarəetməsində olan dövlət müəssisələrinin maliyyə hesabatlarını, o cümlədən konsolidə edilmiş maliyyə hesabatlarını tərtib edərək açıqlamasını nəzərdə tutur.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) Prezident İlham Əliyevin 7 noyabr 2024-cü il tarixli fərmanı ilə yaradılıb. Fərmanın məqsədi nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün vahid və çevik idarəetmə sisteminin formalaşdırılması olub. 

Həmin gün Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı da təsdiqlənib.

Daha sonra, 15 yanvar 2025-ci ildə AZCON-un Nizamnaməsi təsdiqlənib və 7 noyabr 2024-cü il tarixli fərmanla siyahıya daxil edilmiş dövlət müəssisələrinin Holdinqin strukturuna daxil edilməsi rəsmiləşdirilib. Beləliklə, AZCON-un hüquqi baxımdan yaradılması 7 noyabr 2024-cü ildə, onun strukturuna daxil ediləcək dövlət müəssisələrinin faktiki olaraq Holdinqin strukturuna keçirilməsi isə 15 yanvar 2025-ci ildə rəsmiləşib.

Hansı şirkətlər AZCON-un idarəetməsindədir?

Prezidentin 7 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiqlənmiş siyahıya əsasən, Holdinqin idarəetməsinə əsasən aşağıdakı dövlət qurumları verilib:

• “Azərbaycan Hava Yolları” QSC (AZAL);
• “Azərbaycan Dəmir Yolları” QSC (ADY);
• “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO);
• “Bakı Metropoliteni” QSC;
• “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC;
• “BakuBus” MMC;
• Bakı Gəmiqayırma Zavodu;
• “Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos” publik hüquqi şəxsi;
• “Aztelekom” MMC;
• “Azerbaijan International Telecom (AzInTelecom)” MMC;
• “Azərpoçt” MMC;
• “Bakı Taksi Xidməti” MMC;
• “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” İstehsalat Birliyi (“Teleradio”).

Diqqətçəkən məqam ondan ibarətdir ki, AZCON yaradılmamışdan əvvəl Holdinqin tərkibinə daxil edilən iri dövlət şirkətlərinin bir qismi maliyyə nəticələrini ayrıca və mütəmadi şəkildə ictimaiyyətə təqdim edirdi. 

Məsələn, AZAL rəsmi saytında 2019-cu ildən başlayaraq auditdən keçmiş maliyyə hesabatlarını dərc edib. Şirkətin saytında hazırda 2024-cü il üzrə maliyyə hesabatı da yerləşdirilib və həmin hesabatın “PwC”nin iştirakı ilə auditdən keçirildiyi göstərilir.

“Azərpoçt” MMC də illər üzrə maliyyə hesabatlarını öz saytında açıq şəkildə yerləşdirib. Şirkətin rəsmi səhifəsində 2016-cı ildən 2024-cü ilədək maliyyə hesabatları ardıcıl şəkildə təqdim olunur. 2024-cü il hesabatı hazırda saytda görünən ən son hesabatdır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2023-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatı da açıq şəkildə yayımlanıb. Sənəddə hesabatların 21 oktyabr 2024-cü ildə rəhbərlik tərəfindən təsdiqləndiyi qeyd olunur.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 31 dekabr 2024-cü ildə başa çatan il üzrə konsolidə edilmiş maliyyə hesabatı da ictimaiyyət üçün əlçatandır.

“Azərkosmos” isə 2024-cü il üzrə illik hesabatını açıqlayıb və həmin hesabatda maliyyə göstəricilərinə ayrıca yer verilib.

Yəni Holdinqin tabeliyinə keçən bir sıra iri dövlət şirkətlərinin əvvəlki dövrdə ayrıca maliyyə hesabatlarını açıqlamaq praktikası mövcud olub. Həm də bu hesabatlar sonrakı ilin ilk yarımilində açıqlanıb. İndi isə məsələ 2025-ci il üzrə hesabatlardadır. Artıq 2026-cı ilin 8-ci ayında olmamıza baxmayaraq, Holdinqə daxil olan şirkətlərin heç biri əvvəlki il üzrə hesabat açıqlamayıb. Maraqlıdır, niyə?

AZCON-un yaradılmasından sonra dövlət müəssisələrinin maliyyə hesabatlılığı artıq vahid holdinq modeli çərçivəsində həyata keçirilməlidir.

Üstəlik, AZCON-un Nizamnaməsinin 7.1-ci bəndində Holdinqin “Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq özünün və dövlət müəssisələrinin maliyyə hesabatlarını, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib, təqdim və dərc etməsi birbaşa təsbit olunub.

Nizamnamənin digər müddəalarına görə isə AZCON dövlət müəssisələrinin hesabatlarına dair tələbləri müəyyənləşdirir, həmin hesabatların monitorinqini aparır və onları təsdiq edir. Müşahidə Şurası həmçinin AZCON-un və dövlət müəssisələrinin hesabatlarının formasını və təqdim edilməsi müddətlərini müəyyənləşdirə, kənar auditor təyin edə və audit hesabatını qəbul edə bilər.

AFN.az olaraq AZCON-un Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə jurnalist sorğusu ünvanladıq.

Sorğumuza cavab olaraq bildirildi ki, Holdinqin idarəetməsində olan müəssisələrin maliyyə hesabatlarının hazırlanması Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilir: "Maliyyə hesabatları qanunvericiliklə və daxili korporativ prosedurlarla müəyyən edilmiş mərhələlər tamamlandıqdan sonra açıqlanır. Bu səbəbdən hesabatların dərc olunması müvafiq prosedurların yekunlaşdırılmasından asılıdır.

Qeyd edək ki, hazırda Holdinqin idarəetməsində olan ayrı-ayrı qurumlar üzrə audit prosesləri davam edir. Həmin proseslər yekunlaşdıqdan sonra "AZCON Holding"in konsolidə edilmiş maliyyə hesabatı hazırlanaraq qanunvericiliyin tələblərinə uyğun olaraq dərc olunacaq".

Beləliklə, AZCON-un cavabından aydın olur ki, 2025-ci il üzrə audit prosesi hələ bütün qurumlar üzrə yekunlaşmayıb və bu səbəbdən Holdinqin konsolidə edilmiş maliyyə hesabatı da hazırlanmayıb.

Lakin Holdinq sorğumuza cavabında auditin hansı şirkətlər üzrə davam etdiyini, hansı müəssisələrin hesabatlarının artıq hazır olduğunu və 2025-ci il üzrə hesabatların konkret hansı tarixdə ictimaiyyətə açıqlanacağını bildirməyib.

Bu isə dövlətin nəqliyyat və kommunikasiya sektorundakı əsas müəssisələrini bir çətir altında birləşdirən AZCON-un maliyyə şəffaflığı məsələsini gündəmdə saxlayır.

AFN.az mövzunu izləməyə davam edəcək.

Həbibə ABDULLA




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu