Rauf Arifoğlu “Atəşgah Sığorta"dan narazı qaldı: Onlara arxayın olub xaricdə xəstələnmək olmaz


Jurnalist, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu xaricdə səfər zamanı istifadə etdiyi sığorta ilə bağlı narazılığını açıqlayıb.

AFN.az xəbər verir ki, R.Arifoğlu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Sığorta şirkətlərindən yarayan var? Mən "Atəşgah" sığorta şirkətindən məyus oldum. Hər xaricə gedəndə ABB tətbiqi üzərindən bu şirkətin səfər sığortasını alıram. İllərdir ki, belədir - 22 manata premium paket alıb, səfərə elə çıxıram. İndiyə qədər heç lazım olmayıb” - deyə baş redaktor qeyd edib.

O bildirib ki, son səfərinin Bakıya dönüş günündə səhhəti ilə bağlı narahatlıq yaranıb: “Son səfərimdə - 5 günlük məzuniyyətimin Bakıya dönüş günündə yüngül başdönməsi hiss etdim. Dənizin soyuq suyu + hər gün kondinsionerdə yatmaqdan da ola bilərdi, başqa problemlər də. Bakıda tanıdığım doktorlarla məsləhətləşdim. CHAT GPT-yə də sordum: məsləhət bu oldu ki, təyyarənin vaxtına qədər müayinə olunum. Hətta bir doktor dedi ki, müayinə olunmadan təyyarəyə minməyim, risklidi.”

Bundan sonra sığorta şirkətinə müraciət etdiyini deyən R.Arifoğlu prosesin gedişindən narazı qaldığını yazıb: “Prosedura uyğun olaraq, dərhal sığortamda göstərilən adreslərə yazdım, telefonları aradım... Çox ləng, üzücü və əsəbi bir proses başladı. Müraciətdən 2 saat sonra məni yaşadığım hoteldən 65 dəqiqəlik məsafədə olan xəstəxanaya yönləndirdilər. Araşdırdım, xəstəxanada müvafiq cihazlar, xüsusi ilə MRT aparatı yoxdu. Sadəcə, təzyiqimi ölçüb, oradan da məni yollayacaqdılar MRT olan başqa xəstəxanaya".

R.Arifoğlu yaxınlıqda başqa tibb müəssisəsinin olduğunu da qeyd edib: “Yazdıq ki, hotelə 2 km məsafədə yüksək səviyyəli xəstəxana var, oraya yönləndirin. Danışıqlar və yazışmalar da ingilis, rus, bəzi hallarda türk dilində aparılır... Yəni bir Azərbaycan şirkəti düşünün, onunla öz dilimizdə yazışmaq, danışmaq mümkün olmasın.”

Onun sözlərinə görə, gözləmə davam etdikdən sonra özü qərar verərək hava limanına yollanıb: “Daha 1 saat keçdi. Qərar verdim ki, özümə və doktor Zülfüqar Yusifova güvənim və təyyarə saatına yetişim. Hava limanına çatanda yazdılar ki, istədiyiniz şəhərdəki istədiyiniz klinikada sizi gözləyirlər. Artıq ilk tələbimizdən 4 saat keçirdi. Təyyarənin qapısı da örtülmüşdü".

Jurnalist Bakıya qayıtdıqdan sonra müayinədən keçdiyini və nəticənin yaxşı olduğunu bildirib: “Heç nə olmadı, sağ-salamat gəldim. Müayinə də olundum, Bakıda, operativ və gözəl; bir şeyim yoxmuş, çox şükür. Amma bu prosesdə anladım ki, bizim sığorta şirkətlərinə, ən azı, "Atəşgah"a arxayın olub, xaricdə xəstələnmək olmaz.”

Qeyd edilənlərlə bağlı “Atəşgah” sığorta şirkətinin mövqeyini verməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu