Hansı yağı almalıyıq? - "Yalnız bu yağ zərərsizdir..."
Marketlərdə hər cür qiymətə uyğun kərə, bitki yağları mövcuddur. Demək olar ki, gündəlik olaraq hər evdə istifadə edilən bu yağlar bir-birindən təkcə qiymətinə görə deyil, rənginə, dadına, qoxusuna görə də fərqlənir. Hal belə olduqda onların hansının təbii, faydalı olduğunu ayrıd etmək də çətinləşir. Adətən insanlar sovet dövründən qalmış düşüncə ilə hərəkət edərək üzərində rusca yazılmış və tünd sarı rəngdə olan yağları daha təbii və faydalı hesab edirlər.
Maraqlıdır, yağlar niyə rənginə, qoxusuna görə fərqlənir? Keyfiyyət baxımından hansı insan orqamizmi üçün faydalıdır?
Mövcud suallar ətrafında Gundem.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov natural, sənaye üsulu ilə istehsal olunmayan kərə yağının heyvanın yediyi qidadan asılı olaraq rəngində və qoxusunda mütləq şəkildə dəyişiklik olduğunu bildirib:
“Yağların müxtəlif rəngdə, dadda olması ilə bağlı Azad İstehlakçılar Birliyinə tez-tez müraciətlər gəlir. Təmiz çöl şəraitində, yəni azad böyüyən iribuynuzlu heyvanların yağı sarımtıl olur və onlardan azacıq ot qoxusu gəlir. Bunu Yeni Zellandiyadan Azərbaycana yağ göndərən "West Land" zavodunda da gördüm. Orada heyvanlar süni yemlərlə yemlənmirlər. Eyni zamanda təzə sağılmış südə və ondan əmələ gələn yağa da baxdım, onlar da azca sarımtıl rəngdə idi və ot qoxusu gəlirdi. Lakin sənaye üsulu ilə yağları istehsal edən zaman həmin o qoxunu götürürlər, bəzən də dediyim kimi yağı imitasiya etmək üçün, yəni heyvandarlıq təsərrüfatında süni yemlərlə bəslənən heyvanların yağını guya azad heyvanların yağına bənzətmək üçün onların tərkibinə sarı rəngləndirici qatırlar. Ona görə də istehlakçı ayrıd edə bilmir ki, bu azad heyvanın yağıdır, yoxsa fermer təsərrüfatında bəslənən heyvanın yağıdır. Əlbəttə, daim çöl şəraitində bəslənən heyvanların yağları daha faydalıdır".
E. Hüseynov bitki yağları və onların tərkibindən də danışıb: “Bitki yağlarının da tərkibində müxtəlif qarışıqlar olur. Bəzən belə yağların üzərinə “naturalni masla” yazırlar və bir inək şəkli də çəkirlər. Bu zaman istehlakçı elə bilir ki, bu, natural mal yağıdır. Əslində isə həmin o yağların üzərinə kiçik hərflərdə də qeyd edirlər ki, bu yağ bitki yağlarının qarışığıdır. Belə vəziyyətdə istehlakçı aldadılır. Təəssüflər olsun ki, təkcə Azərbaycanda deyil, bütün dünyada istehlakçı hüquqlarını qoruyan qanunlar zəifdir. Bütün dövlətlər biznesin inkişafını dəstəkləyirlər. Azərbaycanda isə biznesin ərkəsöyün obrazı yaradılıb, onlara heç kim toxuna bilməz və sair. Eləcə də bitki yağları çeşidində sadaladığımız problemlər var. Müxtəlif texnologiyalarla hazırlanmış eyni yağ müxtəlif rəngdə, dadda ola bilər. Hər bir yağ müəyyən texniki şərtdə, ya da standarta uyğun hazırlanır. Texniki şərtdə hazırlanma üsulu yağ istehlakçılarına imkan verir ki, özləri istədiyi kimi ona rəng və sair əlavə qatqılar vursunlar. Bizdə olan məlumata görə demək olar ki, ən yaxşı yağ zeytun yağlarıdır. Təbii ki, zeytun yağlarının da tərkibində qarışıqlar olanları var. Zeytun yağları tünd şüşə qablaşdırılmada olmalıdır. Çünki ona günəş təsir edir. Tövsiyyə edirəm ki, yerli zeytun yağlarına üstünlük verilsin. Azərbaycanda bir neçə firma yerli zeytun yağları buraxır və onlar daha təmiz yağlardır. Ən yaxşı zeytun yağı soyuq sıxılmış yağdır. Bu yağlar marketlərdə az olur. Lakin təmiz sıxılmış zeytun yağı daha faydalı yağ hesab olunur”.
Ekspert marketlərdəki saxta nehrə yağlarından da söz açıb:
“O ki qaldı “İvanovka” adlanan mağazalarda satılan saxta nehrə yağlarına, onların 90%-i saxtadır. Vaxtı keçmiş marqarinlərin, təhlükəli yağların qarışığından əmələ gəlir. Onların da hazırlanmasında nənələrin özlərinin saxta texnologiyası var. Hətta onların tərkibindəki qarışıqları bəzi laboratoriyalar da müəyyən edə bilmir. O cür saxta yağları hazırlamaq üçün adətən südün qaymağını alırlar və onun altındakı südün demək olar ki, 85%-i sudur və tərkibində süd turşuları da var. Həmin qarışımın içərisinə ucuz, vaxtı keçmiş bitki yağları əlavə edirlər. Onları 72 dərəcədə qızdırsalar da, suyla yağ heç vaxt bir-birinə qarışmadığına görə onları honalizator deyilən bir cihaza tökərək qarışdırırlar. Nəticədə yeni süd alınır və onu yoxladıqda tərkibində yağ da, süd turşuları da olur. Alınan bu məhsuldan qatıq da, qaymaq da götürmək olur. Həmin o qaymaqdan isə yenidən yağ hazırlayırlar. Bunlar nehrə yağı, kərə yağı adı altında mağazalarda satılır”,-deyə E. Hüseynov bildirib.