Tramp: "Tren de Aragua" kriminal dəstəsinin lideri öldürüldü
ABŞ Prezidenti Donald Tramp ABŞ Cənub Komandanlığının təşkil etdiyi əməliyyatla "Tren de Aragua" cinayətkar qruplaşmasının rəhbəri Nino Qerreronun öldürüldüyünü açıqlayıb.
AFN.az xəbər verir ki, əməliyyatın Venesuela ilə koordinasiyalı şəkildə həyata keçirildiyini bildirən Tramp narkotik kartelləri və dəstələrlə mübarizəni qətiyyətlə davam etdirəcəklərini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında etdiyi paylaşımda Venesuela mənşəli cinayətkar təşkilat "Tren de Aragua"nın lideri, əsl adı Hektor Rastenford Qerrero Flores olan "Nino" ləqəbli şəxsə qarşı hərbi əməliyyat keçirildiyini elan edərək, onun göstərişi ilə ABŞ Cənub Komandanlığının planetin ən qəddar terror təşkilatlarından birinin bədnam rəhbəri Nino Qerreronu uğurla zərərsizləşdirmək üçün çevik və öldürücü bir zərbə endirdiyini ifadə edib.
Sabiq Prezident Co Bayden dövrünün sərhəd siyasətini kəskin tənqid edən və öz vədlərinə sadiq qaldığını qeyd edən Tramp bildirib ki, o, vəzifəyə qayıtmazdan əvvəl Co Bayden cənub sərhədlərini milyonlarla qeyri-qanuni cinayətkarın üzünə açmış və bu yadelli ordunun ABŞ vətəndaşlarına qarşı tamamilə cəzasızlıq mühitində zorakılıq törətməsinə, onları şikəst etməsinə və qətlə yetirməsinə şərait yaratmışdı.
Seçki kampaniyası dövründə bu cinayətkarları ölkədən qovacağına, aralarında 12 yaşlı Coslin Nunqaraya və 22 yaşlı Leyken Raylinin də olduğu qurbanların ailələrinə ədalət gətirəcəyinə söz verdiyini xatırladan Tramp bu hərbi addımla ABŞ ordusunun zərərçəkənlər, onların ailələri və yaxınları üçün ədaləti bərqərar etdiyini diqqətə çatdırıb.
Tramp həmçinin əlavə edib ki, idarəçiliyinin ilk dövrlərində "Tren de Aragua"nı xarici terror təşkilatı elan etmək, minlərlə təhlükəli cinayətkarı deportasiya etmək və uzun müddətdir Amerika vətəndaşlarına qarşı gizli müharibə aparan kartellərə müharibə elan etmək vədini yerinə yetirib.
Zəif liderlərin Amerikanı çarəsiz və müdafiəsiz qoyduğunu iddia edən ABŞ rəhbəri, bu əməliyyatın çox yaxşı münasibətlər qurduqları Venesueladakı dostları ilə sıx koordinasiya şəraitində icra olunduğunu bildirib.
Nəticə etibarilə "Tren de Aragua" terrorçularının artıq nə Venesuelada, nə də başqa bir yerdə təhlükəsiz sığınacağı qalmadığını qeyd edən Tramp onun liderliyi altında bu amansız qatillərin və narkobaronların harada olurlarsa olsunlar tapılacağını və layiq olduqları yerə göndəriləcəyini bəyan edib.
