Tramp ABŞ ordusunun İrana quru əməliyyatı hazırlığını dayandırdı



Amerika yayım şirkəti CNN ABŞ ordusunun İrandakı uranı ələ keçirmək üçün quru əməliyyatına hazırlaşdığını, lakin Prezident Donald Trampın bunun qarşısını aldığını yazıb.

AFN.az xəbər verir ki, CNN-in mövzuya yaxın iki mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ Baş Qərargah rəisi Den Keyn Floridadakı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) baş qərargahına gedərək orada İrandakı zənginləşdirilmiş uranın ələ keçirilməsi üçün bu ölkəyə quru qoşunlarının göndərilməsi planları ilə tanış olub.

Mənbələr iclasın çox təcili keçirildiyini və Keynin bu səbəbdən Brüsseldəki NATO toplantısından sürətlə ayrılaraq 19 mayda ölkəsinə qayıtdığını qeyd edərək, bu cür görüşlərin bu qədər yüksək səviyyədə təşkil edilməsinin quru əməliyyatına nə dərəcədə yaxınlaşıldığının göstəricisi olduğunu vurğulayıblar.

Keynin daha sonra sözügedən quru əməliyyatı planı haqqında ABŞ Prezidenti Donald Trampı məlumatlandırdığını bildirən mənbələr bunun İranın şiddətli qisasına yol aça biləcəyi, müharibəni uzada biləcəyi və qlobal iqtisadiyyatı daha da xaosa sürükləyə biləcəyi xəbərdarlıqlarından sonra Trampın əməliyyatı dayandırmaq qərarı aldığını irəli sürüblər.

Mənbələrin bildirdiyinə görə, Tramp çox sayda ABŞ əsgərinin itkisi ilə bağlı da narahatlığını ifadə edib.

Digər tərəfdən, CNN-in digər bir xüsusi xəbərində isə İranın ABŞ-ın uranı ələ keçirmək ehtimalından narahat olaraq uran anbarlarını möhürlədiyi və anbarların girişlərinə minalar basdırdığı iddia olunub.

Bundan əlavə, CNN-ə danışan mənbələr İran rəsmilərinin qəsdən anbarlara gedən tunelləri də partlatdıqlarını diqqətə çatdırıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu