İran dövlət televiziyası: ABŞ hücumlarında heç bir kommersiya limanı vurulmayıb
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hörmüz boğazı üzərində ABŞ-a məxsus "Apache" helikopterinin vurulmasından sonra İrana qarşı başlatdığı hücumlarda heç bir kommersiya limanının zərər görmədiyi bildirilib.
AFN.az xəbər verir ki, İran dövlət televiziyası ABŞ ordusunun Hörmüzqan əyalətinin Sirik şəhərində 2 su anbarını hədəf aldığını bəyan edib.
ABŞ-ın bu zərbələri nəticəsində bölgədə su təchizatında fasilələrin yarandığı qeyd olunub.
Dövlət televiziyası həmçinin Qeşm adasında yerləşən heç bir kommersiya limanının hücumların hədəfi olmadığını açıqlayıb.
Xatırladaq ki, bir qədər əvvəl CENTCOM ABŞ-a məxsus "Apache" helikopterinin vurulmasına cavab olaraq İrana qarşı cavab zərbələri endirməyə başladıqlarını bəyan etmişdi.
Komandanlıq rəsmi açıqlamasında bu əməliyyatın Ali Baş Komandan Donald Trampın göstərişi ilə ABŞ Şərq vaxtı ilə saat 17:00-da özünümüdafiə məqsədilə başladıldığını və İranın əsassız təcavüzünə mütənasib bir cavab xarakteri daşıdığını vurğulamışdı.
ABŞ Prezidenti Donald Tramp isə hadisə ilə bağlı sosial media hesabında Hörmüz boğazı üzərində patrul xidməti aparan Amerikan ordusuna məxsus helikopterin İran tərəfindən vurulduğunu iddia edərək, ABŞ-ın bu hücuma mütləq cavab verməli olduğunu bildirmişdi.
Lakin daha sonra "Wall Street Journal" qəzetinə telefonla qısa açıqlama verən ABŞ Prezidenti helikopterin vurulması hadisəsini böyütmək istəmədiyinin siqnalını verərək, bu hadisənin o qədər də böyük bir məsələ olmadığını və pilotların vəziyyətinin yaxşı olduğunu qeyd etmişdi.
Digər tərəfdən, Amerikanın "CBS News" kanalına danışan ABŞ rəsmiləri helikopterin pilotlarının ABŞ ordusuna məxsus dəniz dronu tərəfindən xilas edildiyini diqqətə çatdırıblar.
"Axios" nəşrinə açıqlama verən başqa bir rəsmi isə sözügedən qəzaya İran dronunun "Apache" helikopteri ilə toqquşmasının səbəb olduğunu, lakin bunun qəsdən edilib-edilmədiyinin hələlik məlum olmadığını ifadə edib.
