ABŞ ordusu: İrana qarşı hücumları dayandırdıq



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusuna məxsus helikopterin vurulmasına cavab olaraq İrana qarşı başladılan özünümüdafiə xarakterli hücumların başa çatdığını elan edib.

AFN.az xəbər verir ki, CENTCOM-dan verilən rəsmi bəyanatda ABŞ Prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilən bu əməliyyatların tam şəkildə yekunlaşdığı bildirilib.

Əməliyyat çərçivəsində Hörmüz boğazı yaxınlığındakı hava hücumundan müdafiə, yerüstü idarəetmə və radar infrastrukturunun vurulduğu qeyd edilərək, bu addımın ABŞ qüvvələrinə və regional sulardan keçən beynəlxalq ticarət gəmilərinə qarşı son hüquq pozuntularına mütənasib bir cavab olduğu vurğulanıb, həmçinin ABŞ ordusunun İranın əsassız təcavüzünə qarşı ayıq-sayıq qalmağa davam edəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ ordusuna məxsus "AH-64 Apache" tipli zərbə helikopterini İran ordusunun vurduğunu iddia edərək, Vaşinqtonun bu hüquq pozuntusuna mütləq cavab verməli olduğunun siqnalını vermişdi.

Trampın bu bəyanatından dərhal sonra CENTCOM İrana qarşı cavab zərbələrinin endirilməsinə başlanıldığını elan etmiş, İran mediası da öz növbəsində hücum faktını təsdiqləyərək Hürmüzqan əyalətinin şərq bölgələrində və Qeşm adası yaxınlığında güclü partlayış səslərinin eşidildiyini xəbər vermişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu