ABŞ ordusuna məxsus "Apache" tipli helikopter Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
ABŞ ordusuna məxsus "Apache" tipli helikopterin Hörmüz boğazı yaxınlığında düşdüyü, pilotların qurtulduğu bildirilib.
AFN.az xəbər verir ki, "The New York Times" (NYT) qəzetinin yaydığı məlumata görə, hadisə ilə bağlı məlumatı olan və adı açıqlanmayan mənbələr Hörmüz boğazı yaxınlığında ABŞ ordusuna məxsus "Apache" helikopterinin qəzaya uğradığını qeyd ediblər.
Helikopterdəki 2 pilotun xilas edildiyini bildirən mənbələr hava nəqliyyat vasitəsinin İranın atəş açması nəticəsində, yoxsa texniki nasazlıqdan düşdüyünün hələlik məlum olmadığını və hadisə ilə bağlı araşdırma başladıldığını qeyd ediblər.
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən NBA final oyununu izlədikdən sonra Con Kennedi adına Beynəlxalq Hava Limanında mətbuat mənsublarına verdiyi açıqlamada pilotların yaxşı olduğunu, heç kimin xəsarət almadığını və məsələ ilə bağlı hesabatın dərc olunacağını bildirib.

