Rusiyada hərbi helikopter qəzaya uğrayıb
Rusiya Müdafiə Nazirliyi Moskva yaxınlığındakı Kaluqa vilayətində Mi-28 tipli hərbi helikopterin qəzaya uğradığını və ekipajdan sağ qalanların olmadığını bildirib.
Nazirlikdən verilən məlumata görə, Mi-28 model hərbi helikopter Kaluqa vilayətində planlaşdırılmış uçuş zamanı qəzaya uğrayıb.
Açıqlamada qəzaya uğrayan helikopterin ekipajının həyatını itirdiyi və boş bir yerə düşdüyü bildirilib. Hadisənin baş verdiyi yerdə heç bir ziyanın dəymədiyi qeyd edilib.
İlkin məlumata görə, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb və Rusiya Hava-Kosmik Qüvvələri Komandanlığının komissiyası hadisə yerində araşdırma aparıb.
Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa sosial media hesabından verdiyi açıqlamada, Mi-28 model hərbi helikopterin Kaluqanın Jizdrinskiy bölgəsində qəzaya uğradığını və səlahiyyətlilərin hadisə yerində iş apardığını bildirib.