Nüvə silahına malik ölkələr arsenalını modernləşdirməyə davam edir
ABŞ-ın İkinci Dünya müharibəsi zamanı Yaponiyaya atom bombası atmasından təxminən 81 il keçməsinə baxmayaraq, nüvə silahı məsələsi dünya gündəmində aktuallığını qoruyur.
AFN.az xəbər verir ki, nüvə silahına sahib ölkələr XXI əsrdə də öz arsenalını modernləşdirmək və gücləndirmək istiqamətində fəaliyyətini davam etdirirlər.
Dünya ictimaiyyəti nüvə silahlarının dağıdıcı gücü ilə İkinci Dünya müharibəsinin son günlərində üz-üzə qalıb. ABŞ 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə iki atom bombası atıb.
1945-ci il avqustun 6-da yerli vaxtla saat 08:15-də Xirosimaya atılan təxminən 13 kiloton gücündəki "Little Boy" ("Balaca oğlan") adlı atom bombası şəhərin təxminən 70 faizini məhv edib. Partlayış nəticəsində 1945-ci ilin sonunadək təxminən 140 min nəfər həyatını itirib.
Üç gün sonra – avqustun 9-da Naqasakiyə atılan "Fat Man" ("Kök adam") adlı ikinci atom bombası isə təxminən 74 min insanın ölümünə səbəb olub. Bundan sonra Yaponiya imperatoru Hirohitonun bəyanatı ilə 15 avqust 1945-ci ildə qeyd-şərtsiz təslim olub və İkinci Dünya müharibəsi başa çatıb.
Yaponiya rəsmilərinin məlumatına görə, hər iki hücumun birbaşa və dolayı nəticələri ümumilikdə yarım milyona yaxın insanın həyatına son qoyub. Radiasiyanın təsiri nəticəsində xərçəng, fiziki qüsurlar, əlillik və psixoloji problemlər uzun illər davam edib.
Beləliklə, ABŞ tarixdə ilk dəfə atom bombasından istifadə edən ölkə kimi tarixə düşüb.
Nüvə silahlarının məhdudlaşdırılması istiqamətində atılan addımlar çərçivəsində 1945-ci ildən 1996-cı ilə qədər dünyada 2 mindən çox nüvə sınağı keçirilib. 1996-cı ildə isə bütün mühitlərdə nüvə sınaqlarını qadağan edən Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsi (CTBT) qəbul olunub.
1945–1996-cı illərdə ABŞ 1032, keçmiş SSRİ 715, Böyük Britaniya 45, Fransa 210, Çin isə 45 nüvə sınağı həyata keçirib.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına əsasən, hazırda nüvə silahına malik olduğu hesab edilən doqquz ölkə ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsraildir. İsrail Yaxın Şərqdə nüvə silahına sahib yeganə ölkə hesab olunur.
SIPRI-nin 2026-cı il hesabatına görə, nüvə silahına malik doqquz ölkə 2025-ci ildə də arsenalının modernləşdirilməsi və gücləndirilməsi proqramlarını davam etdirib. Bu ölkələrin əksəriyyəti nüvə başlığı daşıya bilən yeni silah sistemlərini silahlanmaya daxil edib.
2026-cı ilin yanvar ayına olan məlumata əsasən, dünyada təxminən 12 min 187 nüvə döyüş başlığı mövcuddur. Onlardan 9 min 745-i hərbi ehtiyatlarda saxlanılır, təxminən 4 min 12-si isə raketlərə və hərbi təyyarələrə yerləşdirilib. Bu göstərici 2025-ci ilin yanvarı ilə müqayisədə yerləşdirilmiş döyüş başlıqlarının sayının təxminən 100 vahid artdığını göstərir.
SIPRI bildirir ki, yüksək döyüş hazırlığı vəziyyətində saxlanılan 2 100–2 200 nüvə başlığının demək olar ki, hamısı ABŞ və Rusiyaya məxsusdur.
Hesabatda qeyd olunur ki, ümumi nüvə başlıqlarının sayı azalmaqda davam etsə də, bunun əsas səbəbi ABŞ və Rusiyanın istifadədən çıxarılan döyüş başlıqlarını utilizasiya etməsidir. Bununla yanaşı, istifadəyə hazır və yerləşdirilmiş nüvə başlıqlarının sayı artmaqdadır.
SIPRI-nin qiymətləndirməsinə görə, ABŞ və Rusiya birlikdə dünyadakı hərbi ehtiyatlarda saxlanılan istifadəyə hazır nüvə başlıqlarının təxminən 83 faizinə, ümumi nüvə arsenalının isə təxminən 86 faizinə sahibdir.
Hesabatda vurğulanır ki, həm ABŞ, həm də Rusiya döyüş başlıqları, onların daşıyıcı sistemləri və istehsal infrastrukturu daxil olmaqla nüvə arsenalının demək olar ki, bütün elementlərini yeniləmək üçün genişmiqyaslı proqramlar həyata keçirir.
ABŞ ilə İran arasında davam edən nüvə mübahisəsi də beynəlxalq gündəmdə mühüm yer tutur. ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramının müzakirə edilməsinin vacibliyini vurğulayaraq Tehranın heç bir halda nüvə silahına sahib ola bilməyəcəyini bəyan edir.
Vaşinqton administrasiyası İranın nüvə təhlükəsi yaratdığını iddia etsə də, Tehran nüvə silahı hazırlamaq niyyətində olmadığını bildirir.


