Kuba XİN başçısı ölkədəki elektrik kəsintilərinə görə ABŞ-ni ittiham etdi
Kuba xarici işlər naziri Bruno Rodriges ölkə üzrə baş verən genişmiqyaslı elektrik kəsintilərinə görə ABŞ-ın tətbiq etdiyi embarqonu məsul hesab etdiyini bildirib.
AFN.az xəbər verir ki, Rodriges X hesabında paylaşdığı açıqlamada Milli Elektrik Sistemində (SEN) yaranan fasilələr və ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi embarqodan bəhs edib.
ABŞ-ı sərt tənqid edən Rodriges bildirib ki, ölkə üzrə yaşanan elektrik kəsintiləri Kubaya qarşı tətbiq edilən və onun sözlərinə görə soyqırımı xarakteri daşıyan blokadanın, xüsusilə də enerji sektoruna yönəlmiş məhdudiyyətlərin birbaşa nəticəsidir.
O qeyd edib ki, ABŞ-ın Kubaya tətbiq etdiyi embarqo təkcə yanacağın sərbəst idxalına mane olmur, eyni zamanda Milli Elektrik Sistemi (SEN) üçün zəruri ehtiyat hissələri və avadanlıqların ölkəyə gətirilməsini də əngəlləyir. Nazir əlavə edib ki, bu məhdudiyyətlər digər ölkələrin mütəxəssisləri ilə əməkdaşlığı çətinləşdirir və beynəlxalq maliyyə resurslarına çıxışı da məhdudlaşdırır.
Xatırladaq ki, Kubada Milli Elektrik Sisteminin tamamilə sıradan çıxması nəticəsində ada ölkəsinin bütün ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranmışdı.
Kuba iqtisadiyyatı son altı ildə dərin böhranla üz-üzədir. Ölkədə elektrik kəsintiləri və əsas ərzaq məhsullarının qıtlığı davam edir. İstehsalın azalması, yüksək inflyasiya və dəyər itirən peso iqtisadi problemləri daha da ağırlaşdırır.
Mütəxəssislərin proqnozuna görə, Kuba iqtisadiyyatı 2026-cı ildə 7,2 faiz daralacaq.

