Pakistan: Vasitəçilər Hörmüz boğazının açılması ilə bağlı sənəd hazırlayır



Pakistan hökumətindəki mənbələr bildiriblər ki, vasitəçilər Hörmüz boğazının yenidən açılması ilə bağlı sənəd hazırlayırlar.

AFN.az xəbər verir ki, Pakistan hökumət mənbələri ABŞ və İran arasında aparılan danışıqların gedişi ilə bağlı qiymətləndirmələrini bölüşüblər.

Mənbələrin sözlərinə görə, vasitəçilərin Hörmüz boğazının yenidən açılması üçün hazırladığı sənəd üzrə işlər yekun mərhələyə çatıb. Bildirilir ki, Pakistan və Qətər rəsmilərinin vasitəçiliyi ilə ABŞ və İran arasında keçirilən dolayı danışıqlar həmin sənədin son variantının hazırlanması istiqamətində davam edir.

Mənbələr qeyd ediblər ki, Pakistan və Qətərin Vaşinqton, Tehran və regionun bəzi digər tərəfdaşları ilə diplomatik təmasları intensivləşdirməsi fonunda İslamabad Mutabakat Sazişi çərçivəsində Hörmüz boğazının yenidən açılması ilə bağlı bu həftə mühüm irəliləyişin əldə olunacağı gözlənilir.

Mənbələr həmçinin Omanın son danışıqlarda mühüm rol oynadığını vurğulayaraq, sözügedən bir səhifəlik sənədin yalnız Hörmüz boğazı məsələsini əhatə etdiyini bildiriblər.

Onların sözlərinə görə, sənəddə İranın nüvə proqramına dair heç bir müddəa yer almayıb. Sənəd layihəsinə əsasən, İranın Hörmüz boğazını yenidən açması, bunun qarşılığında isə ABŞ-ın tətbiq etdiyi blokadanı aradan qaldırması nəzərdə tutulur.

Mənbələr bildiriblər ki, sənəd üzrə razılıq əldə olunmayan əsas məsələlərdən biri Hörmüz boğazından keçid haqqıdır. Onların sözlərinə görə, ABŞ tərəfi boğazın müharibədən əvvəl olduğu kimi ticarət gəmiləri üçün tamamilə ödənişsiz olmasında israr edir. Tehran isə ekoloji və təhlükəsizlik xərclərinin qarşılanması məqsədilə "xidmət haqqı" tətbiq edilməsini tələb edir.

Mənbələr əlavə ediblər ki, bu məsələdə ortaq məxrəcə gəlmək üçün danışıqlar davam edir. Eyni zamanda, Tehranın boğazda fərqli gəmiçilik dəhlizlərinin yaradılması ideyasına qarşı çıxdığı qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu