Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı cərimələr müəyyənləşdi
Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
AFN.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər 6 000 manatdan 7 000 manatadək, hüquqi şəxslər 15 000 manatdan 20 000 manatadək məbləğdə cərimə edilir.
Həmçinin qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər 7 000 manatdan 8 000 manatadək, hüquqi şəxslər 25 000 manatdan 30 000 manatadək məbləğdə cərimə olunacaq.
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına görə vəzifəli şəxslər 8 000 manatdan 9 000 manatadək, hüquqi şəxslər 35 000 manatdan 40 000 manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 9 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər 45 000 manatdan 50 000 manatadək məbləğdə cərimələnəcəklər.
Qanun 12 ay sonra qüvvəyə minəcək.





