SpaceX-in gəliri ikinci rübdə illik müqayisədə 92 faiz artıb
Kosmos, aviasiya və süni intellekt sahəsində fəaliyyət göstərən SpaceX şirkətinin gəliri bu ilin ikinci rübündə illik müqayisədə 92 faiz artıb.
AFN.az xəbər verir ki, şirkət iyun ayında həyata keçirdiyi ilkin kütləvi səhm təklifindən (IPO) sonra ilk maliyyə hesabatını açıqlayıb.
2026-cı ilin aprel–iyun aylarını əhatə edən maliyyə hesabatına əsasən, SpaceX-in gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 92 faiz artaraq 7,81 milyard dollara çatıb. Şirkət 2025-ci ilin eyni dövründə 4,07 milyard dollar gəlir əldə etmişdi.
Fəaliyyət istiqamətləri üzrə göstəricilərə əsasən, SpaceX-in rabitə xidmətlərindən əldə etdiyi gəlir illik müqayisədə 66 faiz artaraq 4,29 milyard dollara yüksəlib. Süni intellekt seqmentindən əldə olunan gəlir 247 faiz artaraq 2,56 milyard dollara çatıb. Kosmik və raket buraxılışı xidmətlərindən əldə olunan gəlir isə 29 faiz artaraq 962 milyon dollar təşkil edib.
Şirkətin xalis zərəri 541 milyon dollar olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə SpaceX 1 milyard dollar xalis zərər açıqlamışdı.
Hesabat dövründə əsasən süni intellekt infrastrukturu üzrə investisiyaların təsiri ilə şirkətin ümumi kapital xərcləri illik müqayisədə təxminən 550 faiz artaraq 18,37 milyard dollara yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 2,83 milyard dollar idi.
Şirkətin süni intellekt sahəsinə yönəltdiyi kapital xərcləri isə 2025-ci ilin ikinci rübündəki 749 milyon dollardan 2026-cı ilin eyni dövründə 15,8 milyard dollara çatıb.
Qeyd edək ki, SpaceX-in səhmləri iyunun 12-dən etibarən Nasdaq birjasında "SPCX" kodu ilə ticarətə çıxarılıb.
