Pentaqon bu məlumatları saytından sildi


ABŞ Müdafiə Nazirliyi son 25 il ərzində əsas silah sistemlərinin sınaqlarının gedişatı ilə bağlı hesabatları öz rəsmi internet saytından silib.

AFN.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu addım iyulun 30-da Pentaqonun Silah Sınaqları Bürosunun rəhbəri Emi Henninqerin sərəncamı ilə ictimaiyyətə öncədən elan edilmədən atılıb. Nazirlik bunu ölkənin əməliyyat döyüş hazırlığını möhkəmləndirmək məqsədilə həyata keçirilən "qabaqlayıcı tədbir" kimi qiymətləndirib.

Pentaqon xarici düşmən qüvvələrin süni intellekt və ya digər qabaqcıl texnologiyalardan istifadə edərək dağınıq, məxfi olmayan bu məlumatları təhlil edə biləcəyindən ehtiyatlanır. Qurumun fikrincə, bu cür təhlillər ABŞ-ın kritik infrastrukturu və müdafiə imkanlarındakı zəif cəhətləri üzə çıxara bilər. Artıq həmin sənədlər yalnız Federal Təhqiqat Bürosunun (FTB) yoxlamasından keçmiş və müvafiq icazə kartına malik olan xüsusi əməkdaşlara açıq olacaq.

Silah Sınaqları Bürosunun illik hesabatları ABŞ-ın yeni silah sistemlərinin sınaqları barədə məxfi olmayan əsas rəsmi mənbələrdən biri hesab olunurdu. Həmçinin bildirilir ki, müdafiə naziri Pit Heqsetin şəffaflıq vədi fonunda, satınalmalar bürosunun əməkdaşlarının sayı 120 nəfərdən 30 nəfərə qədər azaldılıb.

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, demokrat senator Elizabet Uorren bu addımı kəskin tənqid edib. O bildirib ki, belə məlumatların ictimaiyyətdən gizlədilməsi hərbçilərin həyatını təhlükəyə ata və vergiödəyicilərinin milyardlarla dollar vəsaitinin itirilməsinə gətirib çıxara bilər. Uorren bu qərarı "təhlükəli geriləmə" adlandıraraq Henninqerin Konqresdəki dinləmələr zamanı yalan məlumat verib-vermədiyinin araşdırılması məsələsini qaldırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu