Demokratlar Pentaqondan 90 milyard dollarlıq "məxfi xərclər"lə bağlı açıqlama tələb edirlər


ABŞ Senatının Büdcə Komitəsindəki demokratlar Müdafiə Nazirliyindən 90 milyard dollar məbləğində xərc maddələrinin niyə məxfi saxlanıldığını izah etməyi tələb ediblər.

AFN.az xəbər verir ki, bu barədə qanunvericilərin Pentaqonun rəhbəri Pit Heqsetin adına göndərdikləri rəsmi məktubda bildirilir.

Senator Ceff Merklinin rəhbərliyi ilə 10 demokrat senator tərəfindən imzalanan məktubda büdcə razılaşması zamanı xərclər planının tamamilə məxfi saxlanılması qərarından ciddi narahatlıq ifadə olunub. Senatorlar vurğulayıblar ki, bu addım Konqresin nəzarət funksiyasını və hesabatlılığı təmin etmək imkanlarını məhdudlaşdırır. Məktubda qeyd olunur ki, hətta İraq və Əfqanıstan müharibələrinin ən qızğın vaxtında belə müdafiə xərcləri planları bu dərəcədə məxfi saxlanılmırdı.

Demokratların fikrincə, 90 milyard dollarlıq vəsaitin bütün bəndlərinin konfidensial olması inandırıcı görünmür və bu vəsaitlərin qanunda nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə biləcəyi ehtimalı narahatlıq doğurur. Pentaqondan bu vəsaitlərin məxfiliyini əsaslandırmaq üçün fevralın 20-nə qədər cavab vermək tələb olunub.

Xatırladaq ki, 2025-ci ilin dekabrında Prezident Donald Tramp 2026-cı il üçün rekord həcmdə — 901 milyard dollarlıq hərbi büdcəni imzalayıb. Bu büdcədə, həmçinin 2026 və 2027-ci illərdə Ukraynaya dəstək üçün hər il 400 milyon dollar ayrılması nəzərdə tutulub. Müqayisə üçün bildirək ki, 2025-ci maliyyə ilində ABŞ-ın hərbi büdcəsi 884 milyard dollar təşkil etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu