Kuba böhranı: Kolumbiyadan Havanaya 100 tonluq humanitar yardım gəmisi gəlib
Kubada davam edən enerji böhranı və ABŞ-ın tətbiq etdiyi embarqo fonunda Kolumbiyadan ada dövlətinə təxminən 100 ton ərzaq və ilk tibbi yardım ləvazimatlarından ibarət humanitar yük gəmisi çatıb.
AFN.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, iyunun əvvəlində Kartaxena limanından yola düşən gəmi artıq Havana limanına daxil olub. Kolumbiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin bəyanatına görə, Prezident Qustavo Petronun tapşırığı ilə göndərilən yardıma uzunmüddətli ərzaq məhsulları, dərman preparatları, tibbi avadanlıqlar, elektrik materialları və günəş panelləri daxildir. Yükün 7 tonu isə ictimai həmrəylik təşkilatları tərəfindən toplanıb. Qeyd edək ki, bir həftə əvvəl də Meksika və Belizdən Havanaya 1700 ton humanitar yardım gətirilmişdi.
Hazırda Kuba ətrafında gərginlik yüksək həddədir; ABŞ Prezidenti Donald Tramp adaya neft və ya yanacaq tədarük edən ölkələrə qarşı xüsusi tariflər tətbiq olunacağını bəyan edib. Vaşinqton sanksiyaların yumşaldılması müqabilində siyasi məhbusların azad edilməsini və iqtisadi islahatların aparılmasını tələb edir. Daxili tələbatın yalnız 40%-ni yerli neft hesabına ödəyən Kubada isə kəskin enerji qıtlığı və kütləvi elektrik kəsintiləri davam edir.
