Qlobal nüvə silahlanmasında rekord: Xərclər 119 milyard dollara çatdı



Beynəlxalq Nüvə Silahlarının Ləğv Edilməsi Kampaniyası (ICAN) tərəfindən yayımlanan son hesabat dünyadakı doqquz nüvə dövlətinin silahlara xərclədiyi büdcənin tarixin ən yüksək səviyyəsinə çatdığını gözlər önünə sərib.

AFN.az xəbər verir ki, dünya miqyasında geopolitik gərginliyin artdığı bir dövrdə nüvə silahına sahib ölkələrin öz cəbbəxanalarına yatırdığı vəsait heyrətamiz həddə çatıb.

ICAN tərəfindən dərc olunan hesabata əsasən, dünyadakı doqquz nüvə silahlı dövlət ötən il ümumilikdə 119 milyard dollar xərcləyərək bu sahədə bütün dövrlərin rekordunu qırıb.

Əvvəlki illə müqayisədə nüvə arsenallarına tam 16,8 milyard dollar daha çox vəsaitin ayrılması qlobal miqyasda yeni və nəzarətsiz bir silahlanma yarışının başladığına dair narahatlıqları artırır.

Açıqlanan məlumatlar nüvə xərclərindəki ən böyük payın böyük fərqlə Amerika Birləşmiş Ştatlarına aid olduğunu göstərir.

ABŞ nüvə arsenalını modernləşdirmək və genişləndirmək üçün ötən il 69,2 milyard dollar xərcləyib.

Bu rəqəm büdcəsini əvvəlki illə müqayisədə 12,6 milyard dollar artıran Vaşinqtonun digər səkkiz nüvə dövlətinin ümumi xərclərindən belə daha çox vəsait ayırdığını ortaya qoyur.

Siyahının ikinci pilləsində 13,5 milyard dollarla Çin qərarlaşıb, onu isə 12,6 milyard dollarla Böyük Britaniya, 9,5 milyard dollarla Rusiya7,7 milyard dollarla Fransa izləyir.

Hindistan, Pakistan, İsrail və Şimali Koreya kimi digər nüvə güclərinin xərcləri isə 656 milyon dollar ilə 2,8 milyard dollar arasında dəyişir.

ICAN nüvə silahına sahib dövlətlərin son beş ildə bu texnologiyalara ümumilikdə 471 milyard dollar yatırdığını və onların hamısının bu ölümcül arsenalları daha onilliklər ərzində əllərində saxlamağı planlaşdırdığını vurğulayır.

Hesabata əlavə olunan bəyanatda hökumətlərin qlobal ortaq problemlərə yönəlmiş büdcələri ixtisar etdiyi bir vaxtda nüvə silahlarına bu cür nəhəng vəsaitlər ayırması kəskin dillə tənqid olunub.

Rəsmilər ölkələrin iqlim dəyişikliyi ilə bağlı razılaşmalardan geri addım atmasını və ya diplomatiya yolu ilə müharibələrin qarşısını almaq üçün üzərlərinə düşən maliyyə payını ödəməməsini xatırladaraq, liderlərin bəşəriyyəti xilas etmək əvəzinə onu məhv edəcək vasitələri maliyyələşdirməyə üstünlük verdiklərini bildiriblər.

Nüvə təhlükəsinin miqyasına diqqət çəkən yeganə qurum ICAN deyil.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) də nüvə dövlətlərinin tərksilah öhdəliklərini bir kənara qoyaraq öz arsenallarını modernləşdirməyə yönəldiyi barədə ciddi xəbərdarlıqlar edib.

Hazırda doqquz nüvə dövlətinin əlində ümumilikdə 12 mindən çox nüvə başlığının olduğu təxmin edilir və bu ehtiyatların çox böyük hissəsi ABŞ və Rusiyanın payına düşür.

Vəziyyəti daha da kritikləşdirən hadisə isə iki nüvə supergücü arasında arsenalların həddini müəyyən edən sonuncu hüquqi məcburi müqavilə olan "New START"ın (Yeni Stratejik Silahların Azaldılması Müqaviləsi) müddətinin fevral ayında başa çatması olub.

Onu əvəz edəcək yeni bir sazişin imzalanmaması dünyanı Soyuq müharibə illərindən bəri ən qeyri-müəyyən və təhlükəli nüvə dövrünə sürükləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu