Dünyanın ən dəyərli 10 şirkətinin dəyəri müharibə dövründə 4,2 trilyon dollar artdı



ABŞ/İsrail-İran müharibəsinin başlamasından bəri dünyanın ən dəyərli 10 şirkətinin ümumi bazar dəyəri 16,69 faiz, yəni 4 trilyon 183 milyard dollar artaraq 29 trilyon 240 milyard dollara çatıb.

AFN.az xəbər verir ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlar və İranın buna qarşılıqlı cavab verməsi ilə müharibəyə çevrilən prosesdən bəri qlobal nəhənglərin bazar dəyərində qeyri-müəyyən dinamika müşahidə olunub.

Mart ayının sonuna olan məlumata görə, ən böyük 10 şirkətin ümumi həcmi gərginlikdən əvvəlki göstəricilərlə müqayisədə bir aylıq dövrdə 4,30 faiz azalaraq 23 trilyon 980 milyard dollara düşsə də, aprel ayından etibarən vəziyyət köklü şəkildə dəyişib.

Böyük investisiya banklarının “al” tövsiyələri, süni intellekt investisiyalarına dair gözləntilər və geosiyasi risklərin azalması ilə bağlı xəbərlərin təsiri ilə aprel ayının sonunda bu şirkətlərin ümumi dəyəri 27 trilyon 862 milyard dollara yüksəlib.

Ən son 8 may tarixinə olan birja qapanışlarına görə isə bu rəqəm 29 trilyon dollar həddini aşaraq tarixi rekord vurub.

Siyahıda 5 trilyon 229 milyard dollar bazar dəyəri ilə "Nvidia" liderlik edir. Şirkət martdakı qısamüddətli itkilərdən sonra apreldə 5 trilyon dollar baryerini keçərək rekordunu təzələyib.

"Nvidia"nı 4 trilyon 834 milyard dollarla "Alphabet" (Google), 4 trilyon 309 milyard dollarla "Apple" izləyir. Beləliklə, həm "Alphabet", həm də "Apple" ilk dəfə 4 trilyon dollarlıq həddi keçmiş olub.

Siyahının davamında 3 trilyon 84 milyard dollarla "Microsoft", 2 trilyon 933 milyard dollarla "Amazon" yer alır. İlk onluğu müvafiq olaraq "Broadcom", TSMC, "Saudi Aramco", "Tesla" və "Meta" tamamlayır.

Müharibənin başlanğıcından bəri fərdi performanslara baxdıqda, dollar bazında ən böyük artımı 1 trilyon 65 milyard dollarla "Alphabet" reallaşdırıb. Onu 923,6 milyard dollarla "Nvidia"679 milyard dollarla "Amazon" təqib edib.

Faiz nisbəti ilə ən çox dəyər qazanan şirkət isə 34,38 faizlə "Broadcom" olub. Maraqlıdır ki, bu dövr ərzində bazar dəyəri azalan yeganə nəhəng şirkət "Meta" olub və şirkət təxminən 92,6 milyard dollar itirib.

Ekspertlər qeyd edirlər ki, strateji enerji və texnologiya şirkətlərinin bu artımı müharibə şəraitində belə texnoloji inkişafa olan inamınenerji təhlükəsizliyi qayğılarının bazar dinamikasını idarə etdiyini göstərir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu