"Apple"in bazar dəyəri yenidən 3 trilyon dolları keçib
ABŞ-ın texnologiya şirkəti "Apple"ın bazar dəyəri keçən ilin yanvarından bəri ilk dəfə olaraq 3 trilyon dolları ötüb.
İlin əvvəlindən səhmləri 50 faizdən çox bahalaşan “Apple”ın səhmləri bu gün 1 faizdən çox artaraq 193,15 dollar olub. Beləliklə dünyanın ən dəyərli şirkəti olan Apple-ın bazar dəyəri 3,03 trilyon dollara çatıb.
Bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon dollara çatan Apple, 19 avqust 2020-ci ildə 2 trilyon dollar qiymətləndirilmişdi.
Şirkətin bazar kapitallaşması ilk dəfə 2022-ci ilin yanvarında qısa müddətə 3 trilyon dolları ötüb.
Analitiklər Apple-ın ikinci rübdə gözləntilərin üstündə iPhone satışlarının və iyun ayında təqdim etdiyi "Vision Pro" başlığı da daxil olmaqla satışa çıxarmağı planlaşdırdığı yeni məhsulların, iqtisadi qeyri-müəyyənlik dövründə belə şirkətin dayanıqlığını göstərdiyini ifadə edirlər.