İran: "Apache" helikopteri qəsdən hədəf alınmayıb



İran Xarici İşlər nazirinin müavini dünən Hörmüz boğazı üzərində qəzaya uğrayan ABŞ-a məxsus "Apache" helikopterinin İran tərəfindən qəsdən hədəf alınmadığını bildirib.

AFN.az xəbər verir ki, adı açıqlanmayan nazir müavini ABŞ Prezidenti Donald Trampın İranın ABŞ ordusuna məxsus helikopteri vurduğu və buna cavab vermək məcburiyyətində olduqları barədə bəyanatını "Al Jazeera" televiziyasına şərh edib.

Hörmüz boğazı üzərində düşən helikopterin İran tərəfindən qəsdən hədəf alınmadığını vurğulayan İran rəsmisi bu hadisənin arxasında ölkəsinin dayanmadığını, lakin regiondakı gərgin vəziyyət səbəbindən bu cür halların ehtiyatsızlıqdan baş verə biləcəğini qeyd edib.

Digər tərəfdən, İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai helikopterin vurulmasına eyham vuraraq, Hörmüz boğazında ABŞ helikopterini vuran döyüşçünün əlindən öpdüklərini ifadə edib.

Rezai ABŞ-ın tətbiq etdiyi dəniz mühasirəsinin bir müharibə aktı olduğunu və Vaşinqton vurulan helikopterə qarşılıq olaraq İrana hücum edərsə, buna sürətli və qətiyyətli cavab veriləcəyini vurğulayıb.

Lakin İran dövlət televiziyasının məlumatına görə, Rezainin fikirlərinin əksinə olaraq, iranlı hərbi mənbə ölkəsinin son 24 saat ərzində Hörmüz boğazında havadan hər hansı bir hərbi hücum həyata keçirmədiyini bildirib və ABŞ-ın bu hadisəni bəhanə edərək İrana hücum edəcəyi təqdirdə sərt cavabla qarşılaşacağı barədə xəbərdarlıq edib.

ABŞ Prezidenti Tramp isə Hörmüz boğazı üzərində patrul xidməti apararkən qəzaya uğrayan ABŞ ordusuna məxsus "Apache" helikopterinin İran tərəfindən vurulduğunu iddia edərək, ABŞ-ın bu hüquq pozuntusuna mütləq cavab verməli olduğunu qeyd etmişdi.

İran Xarici İşlər naziri Abbas Əraqçi də Trampa cavab olaraq paylaşdığı ismarışda helikopterin İran tərəfindən vurulub-vurulmadığını dəqiqləşdirmədən, İran yaxınlığındakı xarici qüvvələrin fərdi insan səhvləri, bədbəxt hadisələr və ya çarpaz atəşə məruz qalma ehtimalı səbəbindən daimi risk altında olduğunu bildirərək, riski azaltmağın ən yaxşı yolunun onların bölgədən geri çəkilməsi olduğunu diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu