İngiltərə milli komandasının butsıları oğurlandı
Dünya Çempionatı üçün ABŞ-da olan İngiltərə milli komandası ilk məşq öncəsi ciddi təhlükəsizlik problemi ilə qarşılaşıb.
AFN.az xəbər verir ki, komandanın ulduz oyunçularına məxsus oyun butsıları və texniki avadanlıqlar Floridadan Missuriyə daşınan zaman oğurlanıb.
Dünya Çempionatına hazırlıqlarını davam etdirən İngiltərə millisinin düşərgə ləvazimatları Floridadakı hazırlıq mərkəzindən Missuridəki məşq bazasına nəql edilərkən oğruların hədəfinə çevrilib.
Oğurlanan əşyalar arasında komandanın ulduz futbolçularının turnir boyu geyinəcəyi oyun butsıları ilə yanaşı, rəsmi turnir topları və texniki məşq avadanlıqları da var.
Hadisədən sonra Kanzas Siti Polis Departamenti genişmiqyaslı araşdırmaya başlayıb.
Hüquq-mühafizə orqanları ilkin araşdırmalar və təqiblər nəticəsində şübhəli bilinən iki nəfərin saxlanıldığını və dindirilməsinin davam etdiyini açıqlayıb.
İngiltərə Futbol Assosiasiyası isə yerli polislə koordinasiyalı şəkildə çalışaraq turnir başlamazdan əvvəl ləvazimatları tam şəkildə geri almağa çalışır.
Baş məşqçi Tomas Tuxelin rəhbərlik etdiyi İngiltərə qrupdakı ilk oyununda çərşənbə günü Dallasda Xorvatiya ilə qarşılaşacaq.
1966-cı ildən bəri kişi futbolunda ilk dəfə böyük bir kubok qazanmaq hədəfi ilə yola çıxan və turnirə olduqca ciddi bir planlama ilə hazırlaşan İngiltərə komandasında bu oğurluq hadisəsi texniki heyət və personalın planlarında ciddi axsamaya səbəb olub.
Komandanın Florida düşərgəsindəki yoldaşlıq görüşlərində nümayiş etdirdiyi uğurlu çıxış və oyunçuların yüksək əhval-ruhiyyəsi yaşanan bu təhlükəsizlik boşluğu ucbatından kölgədə qalıb.
İngiltərə Futbol Assosiasiyası mövzu ilə bağlı rəsmi açıqlama verməkdən çəkinsə də, komandanın şənbə günü günortadan sonra keçirəcəyi ilk məşq qabağı butsi və avadanlıq çatışmazlığının necə aradan qaldırılacağı maraq doğurur.



