Ağıllı telefonlar əhali sayını necə azaldır?
Amerika Birləşmiş Ştatlarında aparılan yeni bir araşdırma ölkədə son illərdə sürətlə düşən doğum göstəricilərinin arxasındakı ən böyük səbəblərdən birinin ağıllı telefonlar olduğunu ortaya qoyub.
AFN.az xəbər verir ki, ekspertlər rəqəmsal ekranların üz-üzə ünsiyyəti əvəzləyərək fiziki təması azaltdığını müdafiə edirlər.
ABŞ-da doğum faizləri uzun müddətdir eniş meyli nümayiş etdirir və indiyə qədər bu azalmanın arxasında uşaq baxımı xərclərinin artması, kontrasepsiya üsullarının yayılması, eləcə də dəyişən həyat standartları kimi iqtisadi və sosial səbəblər axtarılırdı.
Lakin dərc olunan yeni akademik araşdırma azalmanın başladığı qırılma nöqtəsi kimi 2007-ci ili, yəni ilk müasir ağıllı telefonun bazara çıxarıldığı dövrü göstərir.
Tədqiqatçılar başlanğıcda doğum göstəricilərindəki bu qəfil düşüşü 2008-ci ildə baş verən qlobal iqtisadi böhranla əlaqələndirdiklərini bildirirlər.
Ənənəvi iqtisadi yanaşmalar böhran dövrlərində azalan doğumların iqtisadi dirçəlişlə birlikdə yenidən artacağını proqnozlaşdırırdı, lakin qlobal iqtisadiyyat düzəlsə də, doğumlarda gözlənilən artım baş vermədi.
Bu vəziyyət elm adamlarını iqtisadi amillərdən kənara çıxaraq, məhz həmin dövrdə həyatımıza daxil olan mobil genişzolaqlı internet və ağıllı telefon şəbəkələrini araşdırmağa yönəltdi.
Tədqiqatda ağıllı telefon infrastrukturunun ilk dövrdə sürətlə yayıldığı bölgələr ilə texnologiyanın gec çatdığı yerlərdəki doğum göstəriciləri müqayisə edilib.
Nəticələrə görə, ağıllı telefona və mobil internetə erkən çıxış əldə edən bölgələrdə doğum səviyyəsinin digər ərazilərə nisbətən çox daha kəskin şəkildə düşdüyü müəyyən edilib.
Bu azalmanın ən qabarıq göründüyü yaş qrupunu isə gənclər təşkil edir.
Ağıllı telefonların həyatın mərkəzinə yerləşməsi ilə birlikdə, xüsusilə 15-19 yaş arasındakı gənc nəsil arasında planlaşdırılmamış hamiləliklərin və doğum hallarının ciddi dərəcədə azaldığı müşahidə olunub.
Ağıllı telefonların təqdim etdiyi rəqəmsal dünya gənclərin çöldə üz-üzə vaxt keçirmək əvəzinə ekran qarşısında sosiallaşmağı üstün tutmasına yol açıb.
Ekspertlər telefonların bir növ fiziki təması əvəzləyən rəqəmsal vasitəyə çevrildiyini və bunun da təbii olaraq hamiləlik ehtimallarını ortadan qaldırdığını qeyd edirlər.
Tədqiqatçılar ağıllı telefonların ümumi doğum səviyyəsinin azalmasında üçdə bir ilə yarı arasında bir nisbətdə birbaşa məsuliyyət daşıdığını təxmin edirlər.
Buna baxmayaraq, sosial sağlamlıq və demoqrafiya sahəsində çalışan bəzi digər mütəxəssislər isə mövzuya daha təmkinli yanaşırlar.
Ağıllı telefonların insan münasibətlərinə və evlilik yaşına təsir etdiyini qəbul edən əks-görüşlü ekspertlər bu vəziyyəti tək bir səbəblə əlaqələndirməyin yetərsiz olacağını müdafiə edirlər.
Bu mütəxəssislərə görə, mənzil xərcləri, təhsil müddətinin uzanması, qadınların iş qüvvəsində iştirakı və müasir doğum nəzarəti üsullarına çıxışın asanlaşması kimi çoxşaxəli struktur dəyişiklikləri də bu prosesdə eyni dərəcədə rol oynayır.
Araşdırmanı aparan heyət isə ağıllı telefonların yeganə amil olmadığını, lakin diqqətdən qaçırılmamalı olan nəhəng bir faktor olduğunu vurğulayır.
Doğum göstəricilərini artırmağa yönəlmiş dövlət siyasətlərinin təkcə maddi stimullara diqqət yetirməməsi, əsl həll yolunun insanları rəqəmsal dünyadan uzaqlaşdırıb üz-üzə sosial ünsiyyətə təşviq edəcək məkanlar yaratmaqdan keçdiyi ifadə edilir.


