Brent markalı neftin bir barreli 84,86 dollara satılır
Brent markalı neftin bir barreli beynəlxalq fyuçers bazarlarında 84,86 ABŞ dollarından satılır.
AFN.az xəbər verir ki, neft qiymətlərində enişə geosiyasi gərginliyin azalacağına dair gözləntilər və qlobal təklifin artacağına dair proqnozlar təsir göstərir.
Dünən 89,50 dollara qədər yüksələn Brent markalı neftin oktyabr fyuçerslərinin bir barreli günü 86,88 dollardan başa vurub.
Bu gün saat 09:55-ə olan məlumata görə, Brent markalı neftin qiyməti əvvəlki bağlanışla müqayisədə 2,32 faiz azalaraq 84,86 dollar təşkil edib. Eyni vaxtda WTI markalı xam neftin sentyabr fyuçerslərinin bir barreli isə 81,62 dollara satılıb.
Neft qiymətlərinin ucuzlaşmasına Babülməndəb boğazında təhlükəsizliyin gücləndirilməsi istiqamətində diplomatik və hərbi təşəbbüslər, eləcə də husilərin beynəlxalq ticarət gəmilərinə yeni məhdudiyyət tətbiq etməyəcəklərinə dair açıqlamaları nəticəsində tədarük narahatlıqlarının azalması təsir edib.
Məlumata görə, Səudiyyə Ərəbistanı "Babülməndəb boğazında keçidlərin qorunması üzrə Dəniz Müdafiə Koalisiyası"na üzv ölkələrin baş qərargah rəislərinin iştirak etdiyi toplantıya ev sahibliyi edib.
Küveyt ordusunun yaydığı açıqlamada da Baş Qərargah rəisi general-leytenant Xalid Dərəc əş-Şerianın rəhbərlik etdiyi hərbi nümayəndə heyətinin həmin toplantıda iştirak etdiyi bildirilib.
Beynəlxalq mediada Səudiyyə Ərəbistanının İranın dəstəklədiyi husilərin təhdidlərinə qarşı Qırmızı dəniz və Babülməndəb boğazında təhlükəsizliyi təmin etmək məqsədilə geniş beynəlxalq koalisiya yaratmağa çalışdığı barədə xəbərlər yayılsa da, Riyad bu məlumatları rəsmi şəkildə təsdiqləməyib.
Bununla yanaşı, Yəməndəki husilər (Ənsarullah Hərəkatı) Qırmızı dənizlə Ədən körfəzini birləşdirən Babülməndəb boğazından keçən ticarət gəmilərindən ödəniş alınacağı barədə iddiaları təkzib ediblər.
Bazar iştirakçıları həmçinin ABŞ və İran arasında diplomatik danışıqlarda razılığın yaxınlaşacağına dair gözləntiləri və qlobal neft təklifinin artacağına dair proqnozları da qiymətlərə təsir edən əsas amillər kimi qiymətləndirirlər.
Məlumatlara görə, iki ölkə arasında atəşkəsi uzunmüddətli edə biləcək memorandumun yaxın vaxtlarda imzalana biləcəyi gözlənilir. Bildirilir ki, sənəd Hörmüz boğazının yenidən açılması, bəzi sanksiyaların ləğvi və İranın nüvə proqramı ilə bağlı texniki danışıqların başlanmasını nəzərdə tuta bilər.
Bundan əlavə, OPEC+ ölkələrinin avqustdan etibarən gündəlik hasilat kvotasını 188 min barrel artırmaq qərarı da qlobal təklifin artacağına dair gözləntiləri gücləndirib.
Analitiklərin fikrincə texniki baxımdan 86,16 dollar müqavimət, 84,50 dollar isə dəstək səviyyəsi kimi izlənilir.
