Gələn həftə qlobal bazarlarda diqqət mərkəzində olacaq əsas mövzular
Dünya birjalarında süni intellekt sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərində müşahidə olunan trilyonlarla dollarlıq satışlar investorların diqqətini bazarlardan yayındırmır.
AFN.az xəbər verir ki, Avropada davam edən meşə yanğınları isə Yaxın Şərqdəki müharibənin yaratdığı problemlərə yenilərini əlavə edib.
Asiyada investorlar Hindistan Mərkəzi Bankının (RBI) faiz qərarını gözləyərkən, bazarlar ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini yenidən artıracağına dair gözləntilərin gücləndiyi bir dövrdə ABŞ-ın kənd təsərrüfatı sektorundan kənar məşğulluq göstəricilərini də yaxından izləyəcək.
Bir neçə həftə əvvələ qədər bazarların əsas lokomotivi hesab edilən süni intellekt şirkətlərinin səhmlərində yüksəliş sürətlə enişlə əvəz olunub.
İnvestorların gəlirlilik, rəqabət və maliyyələşmə ilə bağlı narahatlıqlarının artması nəticəsində çip istehsalçıları və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərində görünməmiş volatillik yaranıb. Cənubi Koreyanın KOSPI indeksində altı həftə ərzində 40 faizlik enişdən sonra bir gündə 18 faizlik yüksəliş bunun ən diqqətçəkən nümunələrindən biri olub.
Borclanmanın artması, maliyyə hesabatlarına bazarın daha sərt reaksiya verməsi və süni intellekt infrastrukturu təminatçılarının defolt riskinə qarşı sığorta xərclərinin yüksəlməsi də bazarlardakı təzyiqi artırır.
Analitiklər hesab edir ki, volatillik davam edə bilər. İlon Maskın SpaceX şirkətinin iyunda keçirilən IPO-dan sonra açıqlayacağı maliyyə nəticələri investorların diqqətindədir. Şirkətin bazar dəyəri IPO-dan sonra təxminən 1 trilyon dollar azalıb.
ABŞ ilə İran arasında iyunun ortalarında elan olunan atəşkəs razılaşmasının pozulması və neftin qiymətinin yenidən bir barel üçün 90 dollara yaxınlaşması bazarların diqqətini Yaxın Şərqdəki hadisələrə yönəldib.
Bu həftə Misirin Aralıq dənizində yerləşən Dimyat limanında ABŞ-a məxsus iki mayeləşdirilmiş təbii qaz tankerinə pilotsuz uçuş aparatları ilə hücum edilməsi münaqişənin yeni mərhələyə keçə biləcəyi ehtimalını artırıb. Hadisə Süveyş kanalında yükdaşımaların təhlükəsizliyi ilə bağlı narahatlıqları da gücləndirib.
Bu arada, Səudiyyə Ərəbistanı ABŞ qüvvələri ilə birlikdə İraqın şərqində İranın dəstəklədiyi silahlı qruplara qarşı əməliyyatlarda iştirak edib. ABŞ ordusu isə bölgədəki qüvvələrinə qarşı ballistik raket hücumu cəhdinə cavab olaraq İrana genişmiqyaslı zərbələr endirib.
Diplomatik səylər davam etdiyi bir vaxtda Səudiyyə Ərəbistanı Babülməndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə 14 ölkədən ibarət koalisiya yaratmağa çalışır.
Cümə günü açıqlanacaq iyul ayı üzrə kənd təsərrüfatı sektorundan kənar məşğulluq statistikası ABŞ əmək bazarının vəziyyəti barədə mühüm siqnal verəcək.
Reuters sorğusuna əsasən, iyul ayında məşğulluğun 91 min nəfər artacağı, işsizlik səviyyəsinin isə 4,3 faiz olacağı gözlənilir.
Göstəricilər proqnozlardan yüksək olarsa, FED-in sentyabr iclasında faiz dərəcələrini artıracağına dair gözləntilər daha da güclənə bilər.
Fed sədri Kevin Varş və rəhbərlik etdiyi komanda son iclasda uçot dərəcəsini sabit saxlayıb. İdarə Heyətinin üç üzvü faiz artımına səs verib.
Avropada rekord istilərin davam edəcəyi proqnozlaşdırılır. İspaniya və Fransada geniş əraziləri əhatə edən meşə yanğınlarının İtaliya, Mərkəzi Avropa və Yunanıstana da yayılması riski artır.
İstilər və yanğınlar səhiyyə xərclərinin, yenidənqurma işlərinin, sığorta ödənişlərinin və ərzaq qiymətlərinin artmasına səbəb olaraq iqtisadiyyata əlavə yük yaradır.
Bu proses hökumətlərin həm yüksək dövlət borcu, həm də İranla bağlı geosiyasi risklərin iqtisadi nəticələri ilə mübarizə apardığı dövrə təsadüf edir. Bundan başqa, güclü El Nino iqlim hadisəsinin baş verməsi ehtimalı da artır.
Meşə yanğınları və quraqlıqdan əziyyət çəkən Böyük Britaniyada iri supermarket şəbəkələri ərzaq böhranı riskinin yenidən gündəmə gəldiyi barədə xəbərdarlıq edib.
Hindistan Mərkəzi Bankı gələn həftənin çərşənbə günü faiz qərarını açıqlayacaq.
Reuters sorğusunda iştirak edən analitiklərin əksəriyyəti bankın əsas faiz dərəcəsini 5,25 faiz səviyyəsində saxlayacağını proqnozlaşdırır.
Rəsmilər ilin əvvəlindən Asiyanın ən zəif nəticə göstərən valyutalarından biri olan Hindistan rupisini dəstəkləmək üçün əlavə tədbirlər görməyə çalışırlar.
RBI iyun ayında ölkənin ödəniş balansını və kapital axınını gücləndirmək məqsədilə yeni iqtisadi tədbirlər paketi hazırlayacağını açıqlamışdı.
