Belçika ordusu şəxsi heyət çatışmazlığına görə sağlamlıq meyarlarını yumşaldır



Belçikanın müdafiə naziri Teo Franken ordunun şəxsi heyətə olan ehtiyacını qarşılamaq məqsədilə sentyabrın 1-dən etibarən hərbi qulluqçu və ehtiyat hərbçilərin qəbulunda tətbiq olunan sağlamlıq meyarlarının yumşaldılacağını açıqlayıb.

AFN.az xəbər verir ki, nazir bu barədə Het Laatste Nieuws qəzetinə müsahibəsində danışıb.

Franken bildirib ki, hazırda tətbiq edilən bəzi sağlamlıq tələbləri müəyyən vəzifələr üçün həddindən artıq sərtdir.

Nazir qeyd edib ki, tibbi müayinələrin daha çevik qaydada aparılması barədə göstəriş verib və yeni sağlamlıq meyarları Belçika Müdafiə Səhiyyə Xidməti tərəfindən hazırlanıb.

Onun sözlərinə görə, 1 sentyabr tarixindən etibarən hərbi qulluqçu və ehtiyat heyətin seçimində tətbiq olunan sağlamlıq tələbləri daha elastik olacaq.

Yeni qaydalar sayəsində əvvəllər sağlamlıq səbəbindən seçimdən kənarda qalan namizədlərin əhəmiyyətli hissəsi hərbi hazırlıq proqramına qəbul edilə biləcək.

Franken "Bəzi vəzifələr üçün daha çevik yanaşmaq məntiqlidir. Hər bir hərbçinin eyni dərəcədə sərt sağlamlıq standartlarına cavab verməsi vacib deyil. Məsələn, görmə qabiliyyətiniz mükəmməl deyilsə, F-35 pilotu olmaq istəmədiyiniz müddətdə bu problem yaratmır" deyib.

Yeni tətbiq nəticəsində əvvəllər sağlamlıq meyarlarına uyğun gəlmədiyi üçün müraciəti rədd edilən namizədlərin təxminən 10-20 faizi hərbi hazırlığa başlaya biləcək.

Belçika Müdafiə Nazirliyi 2025-ci ilin sentyabrında açıqladığı yeni strateji baxış sənədində 2035-ci ilədək silahlı qüvvələrin şəxsi heyətinin əhəmiyyətli dərəcədə artırılmasının planlaşdırıldığını bəyan etmişdi.

Plana əsasən, aktiv hərbi qulluqçuların sayı 34 min 500 nəfərə, ehtiyat heyət 12 min 800 nəfərə, mülki işçilərin sayı isə 8 min 500 nəfərə çatdırılacaq.

Bu hədəflərə nail olmaq üçün ölkədə könüllü hərbi xidmət proqramı da tətbiq olunub.

Belçikada 2026-cı ilin sentyabrında başlayacaq ilk könüllü hərbi xidmət proqramı üçün ölkə üzrə 3 min 248 gənc müraciət edib. Müdafiə Nazirliyi onlardan 500 nəfərin proqrama qəbul ediləcəyini açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu