Aİ-dən Seutadakı qanunsuz miqrasiya cəhdlərinə görə İspaniyaya dəstək mesajı
Avropa Birliyi (Aİ) Komissiyasının Daxili İşlər və Miqrasiya üzrə üzvü Magnus Brunner bildirib ki, Mərakeşin Kastilyexos sahillərindən İspaniyanın Şimali Afrikadakı ərazisi olan Seutaya qanunsuz miqrantların keçid cəhdləri ilə bağlı Aİ İspaniyaya dəstəyini artırmağa hazırdır.
AFN.az xəbər verir ki, Brunner bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
Brunner qeyd edib ki, Aİ-nin xarici sərhədlərinin qorunması qanunsuz miqrasiya ilə mübarizə səylərinin mühüm hissəsidir. O bildirib ki, Seutada yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlarla daimi əlaqə saxlanılır.
O, həmçinin Aİ-nin dəstəyini artırmağa hazır olduğunu İspaniyanın daxili işlər naziri Fernando Grande-Marlaskaya çatdırdığını, bu dəstəyin Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex) vasitəsilə göstəriləcək yardımları da əhatə etdiyini vurğulayıb.
Brunner əlavə edib ki, təhlükəli miqrasiya marşrutlarının qarşısının alınması məqsədilə Mərakeş rəsmiləri ilə də təmaslar davam etdirilir.
Bundan əvvəl Mərakeşin Kastilyexos sahillərindən İspaniyanın Şimali Afrikadakı ərazisi olan Seutaya üzərək keçməyə çalışan 800-dən çox qanunsuz miqranta müdaxilə edilib.
İspaniyanın Baş naziri Pedro Sançes hadisə ilə bağlı hökumətin bütün mövcud resurslarını səfərbər etdiyini açıqlayıb.
Seutaya qanunsuz miqrasiya cəhdlərinin artması səbəbindən İspaniya hökuməti bölgədə təhlükəsizliyin təmin olunması məqsədilə silahlı qüvvələrin əraziyə yerləşdirilməsi barədə qərar qəbul edib.

