Almaniya Avropa daxili işlər nazirlərinin toplantısında PUA-dan müdafiə məsələsini qaldıracaq



Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt oktyabrın 4-də Münhendə keçiriləcək Avropa daxili işlər nazirlərinin toplantısında pilotsuz təyyarələrdən müdafiə məsələsini qaldıracaq.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə o özü bildirib. Əvvəlcə nazirlərin görüşündə miqrasiya məsələlərinin müzakirəsi planlaşdırılsa da, Almaniyanın qərbindəki Saarbrücken şəhərində çıxış edən Dobrindt pilotsuz təyyarələrdən müdafiə sahəsində əlavə addımların atılmasının vacib olduğunu vurğulayıb.

“Avropa daxili işlər nazirlərinin həftəsonu Münhendə keçiriləcək iclasında miqrasiya məsələlərindən əlavə, pilotsuz təyyarələrin vəziyyətini və onların yaratdığı təhlükəni ətraflı müzakirə edəcəyik”, - deyə o, jurnalistlərə açıqlamasında bildirib.

Oktyabrın 4-də Münhendə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə ilə bağlı bir sıra Avropa ölkələrinin daxili işlər nazirlərinin görüşü keçiriləcək. Avropa Komissiyasının daxili işlər və miqrasiya üzrə komissarı Magnus Brunner, Almaniya, İtaliya, Lüksemburq, Polşa və İsveçrənin daxili işlər nazirləri ilə yanaşı, Belçika, Hollandiya və İsveçdən miqrasiyaya cavabdeh olan nazirlərin də iştirakı gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu