Venesuelada zəlzələdən zərər çəkənlər məscidə sığınıb



Venesuelada zəlzələnin vurduğu La Quaira şəhərində evlərini və bütün var-dövlətlərini itirən azsaylı müsəlman icmasının sığınacağı La Quaira məscidi olub.

AFN.az xəbər verir ki, La Quaira məscidinin imamı Loqman Əsəd Diab Həsən müsəlmanların vəziyyəti və zəlzələdən necə təsirləndikləri barədə danışıb.

Fələstin əsilli imam Həsən 25 ildir Venesuelada olduğunu, bu ölkədə qalan ailəsinin isə Fələstinə qayıtdığını bildirərək, hazırda yalnız həyat yoldaşı ilə La Quairada yaşadığını deyib.

İqtisadi şərtlər səbəbindən müsəlmanların vəziyyətinin zəlzələdən əvvəl də yaxşı olmadığını dilə gətirən Həsən Venesuelanın keçmiş dövlət başçısı Uqo Çavesdən sonra qeyri-sabitləşən iqtisadiyyatın müsəlmanların da həyat şəraitinə mənfi təsir göstərdiyini qeyd edib.

Zəlzələdən sonra vəziyyətin çox pisləşdiyini, La Quairada heç nəyin qalmadığını, hər şeyin yerlə-yeksan olduğunu vurğulayan imam evlərin, binaların və kommersiya obyektlərinin böyük dağıntıya məruz qaldığını, zəlzələnin çox şiddətli olduğunu bildirib.

La Quairada təxminən 25 müsəlmanın yaşadığını deyən Həsən buradakı bütün müsəlmanların evlərinin, mənzillərinin və eyni zamanda dükanlarının məhv olduğunu ifadə edib.

Özünün də evini itirdiyini qeyd edən Həsən evinin zərər gördüyünü, tamamilə uçmasa da, hazırda içində yaşanacaq vəziyyətdə olmadığını və dövlətin təyin etdiyi mühəndislərin gəlib evini və işlədiyi dükanı qiymətləndirməsini gözlədiyini vurğulayıb.

Venesuelalı imam zəlzələdə İordaniya vətəndaşlığı olan Fələstin əsilli 2 nəfərin həyatını itirdiyini və 15 müsəlmanın təxliyə təyyarəsi ilə İordaniyaya getdiyini dilə gətirib.

İmam Həsən zəlzələdən sonra məscidin müsəlmanlar üçün sığınacağa çevrildiyinə diqqət çəkərək, zərər çəkən bütün müsəlmanların bura gəldiyini, Allahın yardımı ilə namazlarını burada qıldıqlarını və xoşbəxtlikdən məscidə heç bir ziyan dəymədiyini bildirib.

Evi uçan müsəlmanların gecələr məsciddə qaldıqlarını, gündüzlər isə hansı işlə məşğul ola biləcəklərinə baxmaq, dağılan evlərini yoxlamaq və əşyalarını çıxarmağa çalışmaq üçün məsciddən çıxdıqlarını anladıb.

Fələstin əsilli Venesuelalı imam buradakı müsəlmanların bir çoxunun evlərindən heç nə götürə bilmədən çıxdığını, dağılmış evlərinə soyuducu, paltaryuyan və bu kimi əşyaları tapmaq ümidi ilə qayıtdıqlarını, lakin hər şeyin oğurlandığını gördüklərini deyib.

La Quairadakı müsəlmanların ən böyük ehtiyacının iş və ev olduğunu bildirən Həsən kömək çağırışı edərək hökumətlərin və ya maddi imkanı olan insanların onlara kömək edəcəyinə, beləcə həyata yenidən sıfırdan başlaya biləcəklərinə ümid etdiyini vurğulayıb.

Bütün mal-mülklərini itirdiklərini qeyd edən Həsən hazırda hər şeyə sıfırdan başladıqlarını, vəziyyətlərinin çox pis olduğunu və hər kəsin yeni bir iş, yeni bir nizam axtarışında olduğunu sözlərinə əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu