36-cı NATO Sammiti bu gün Ankarada başlayır



36-cı NATO Liderlər Sammiti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada işə başlayır.

AFN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sammitdə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, Alyansın 31 müttəfiq ölkəsinin lideri iştirak edəcək və görüşün gündəmində müdafiə sənayesi, ABŞ-Avropa gərginliyi, eləcə də Türkiyənin strateji önəmi kimi mühüm məsələlər yer alacaq.

NATO-nun 36-cı Liderlər Sammiti bu gün Ankaradakı Prezident Aparatı Kompleksində start götürür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi və NATO Baş katibi Mark Ruttenin rəhbərliyi ilə keçiriləcək sammit iki gün davam edəcək.

Sammitə ABŞ Prezidenti Donald Trampla yanaşı, 31 müttəfiq ölkənin və dəvət olunmuş digər dövlətlərin liderləri qatılacaq.

Prezident Aparatı Kompleksi liderlərlə bərabər minlərlə diplomat, qonaq və yüksək rütbəli rəsmiləri qəbul etmək üçün tam hazır vəziyyətə gətirilib, həmçinin paytaxt Ankarada genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.

İki gün ərzində alyansın gələcəyini formalaşdıracaq qlobal və regional təhlükəsizlik mövzuları müzakirə olunacaq.

Gündəliyin ilk pilləsində ötən il Haaqa Sammitində götürülən və müttəfiqlərin 2035-ci ilə qədər ümumi daxili məhsullarının 5 faizini müdafiə sahəsinə ayırmasını nəzərdə tutan öhdəliklərin icrası dayanır.

Sammitdən əvvəl Ankarada keçirdiyi mətbuat konfransında çıxış edən Rutte bildirib ki, Ankarada ölkələrin bu 5 faizlik hədəfə çatması üçün aydın, konkret və etibarlı planlar təqdim etməsini gözləyir.

Baş katib bu gün təşkil olunacaq NATO Sammiti Müdafiə Sənayesi Forumunda çəkindirmə və müdafiə üçün zəruri olan texnikaların tədarükünü təmin edəcək on milyardlarla dollarlıq yeni müqavilələrin elan ediləcəyini də diqqətə çatdırıb.

Rusiyanın Ukraynaya qarşı hücumlarının davam etdiyi bir vaxtda toplanan sammitdə Ukraynaya dəstəyin davam etdirilməsi və xüsusilə hava hücumundan müdafiə ehtiyacları da önə çıxan mövzular sırasındadır.

Rutte bütün müttəfiqlərin bu məsələdə üzərinə düşəni etməli olduğunu vurğulayaraq, Çin, Şimali Koreya və İranı Rusiyanın işğal cəhdinin baş dəstəkçiləri kimi xarakterizə edib.

Görüş həm keçirildiyi dövr, həm də sıx gündəliyi səbəbindən tarixi sammit kimi qiymətləndirilir.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas da hər sammit üçün tarixi ifadəsinin işlədildiyini, lakin bu dəfə vəziyyətin həqiqətən belə olduğunu vurğulayıb.

Ekspertlər ABŞ-ın Avropadakı uzunmüddətli rolu ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi və Avropanın İkinci Dünya Müharibəsindən bəri özünü ən çox təhdid altında hiss etdiyi bir dövrdə Ankarada həlledici qərarların qəbul edilə biləcəyinə diqqət çəkirlər.

Türkiyənin son dövrlərdə artan beynəlxalq nüfuzu baxımından da kritik əhəmiyyət kəsb edən sammitin 1952-ci ildən NATO üzvü olan bu ölkənin alyans daxilindəki rolunu daha da möhkəmləndirəcəyi gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu