Trampdan Meloniyə: Uzaqlaşdırma qərarı lazımdır
ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corca Meloni haqqında "Uzaqlaşdırma qərarı lazımdır" ifadəsini işlədib.
AFN.az xəbər verir ki, Tramp Meloni ilə ötən həftələrdə yaşadığı fotoşəkil mübahisəsindən sonra sosial media hesabında yeni paylaşım edib.
Meloninin onunla əl sıxışdığı fotosunu paylaşan Tramp şəklin üzərində "Uzaqlaşdırma qərarı lazımdır" sözlərinə yer verib.
İki lider arasında daha əvvəl də "Fotoşəkil çəkdirmək üçün yalvardı" mövzusunda söz davası yaşanmışdı.
Tramp iyunun 19-da İtaliyanın "La7" televiziya kanalında yayımlanan müsahibəsində Fransada keçirilən G7 Sammiti çərçivəsində görüşdüyü Meloni barəsində "Mənimlə şəkil çəkdirmək üçün yalvardı. Fotoşəkil çəkdirməyi çox istəyirdi, çəkdirməzdim, amma ona yazığım gəldi" ifadələrini işlətmişdi.
Meloni isə elə həmin gün sosial media hesabından etdiyi açıqlamada Trampın sözlərinin həqiqəti əks etdirmədiyini bildirərək, "Unutmaq lazım deyil ki, mən və İtaliya heç vaxt yalvarmarıq" cavabını vermişdi.
Tramp daha sonra sosial media hesabında etdiyi paylaşımda Meloninin onunla şəkil çəkdirmək istədiyi iddialarını yenidən təkrarlayaraq, "İndi ABŞ İranı hərbi cəhətdən məğlub etdikdən sonra Meloni reytinqini qaldırmaq üçün yenidən dost olmaq istəyir. Təşəkkürlər, mən istəmirəm" ifadələrindən istifadə etmişdi.
Meloni də buna cavab olaraq, "Prezident Tramp, bu davamlı və səbəbsiz hücumlar mənasızdır. Populyarlığıma gəlincə, səninlə dost olmaq mənə qətiyyən fayda vermədi" reaksiyasını göstərmişdi.
